Ermənilərin “humanitar yük” oyunu... - FOTO/VİDEO

SİYASƏT
10:28 / 27.07.2023
820

Ermənistan növbəti dəfə siyasi şou, manipulyasiya arxasınca qaçır.

HİT.az Baku TV-yə istinadən xəbər verir ki, sülh naminə aparılan prosesə hər vəchlə mane olmağa çalışan Ermənistan rəhbərliyi “Laçın” dövlət sərhədinin keçid məntəqəsində təxribata əl atır.

Azərbaycan müxtəlif müstəvilərdə dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Üstəlik, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyildir. Burada Ermənistanın yeganə məqsədi təxribata əl atmaq, sülh prosesinə əngəl yaratmaq, prosesi maksimum yubatmaqdır ki, sözügedən fəaliyyət regionda sülh və təhlükəsizliyə təhdid xarakteri daşımaqdadır.

Əslində isə bu, rasizmin açıq təzahürü və  beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir. Elə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də vurğulayıb ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.

Ermənistan və separatçı ünsürlər Azərbaycan əraziləri ilə bağlı hər hansı bir məsələdə fikir sahibi ola biləcəklərini zənn etsələr də, Azərbaycan dövləti bütün platformalarda öz torpaqları ilə bağlı yeganə qərar sahibinin özü olduğunu göstərib. Belə olan halda isə erməni tərəfinin Ağdam-Xankəndi yolundan istifadəyə “yanaşmaması” Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözləri ilə desək, rəsmi İrəvanın siyasi şou yaratmaq cəhdi və siyasi möhtəkirlik nümunəsidir.

Sözügedən şounun yeganə məqsədi erməni tərəfinin riyakar planlarını təşviq etmək, beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Bu isə Azərbaycan üçün qəbuledilməzdir və rəsmi Bakı bu şounun qarşısını almaq iqtidarındadır.

Elə xarici səfirliklərin, o cümlədən də Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək də  sözün əsl mənasında məsələdən tamaşa düzəltmək anlamına gəlir. Digər tərəfdən, Qərb ölkələrinin səfirlik nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil. Bu, uzun illər ərzində Qərb tərəfindən nümayiş etdirilən ikiüzlü yanaşmanın başqa bir təzahür formasıdır.

Azərbaycan dövlətinin və xalqının həmrəyliyi, habelə ölkəmizin dünyada artan nüfuzu onu deməyə əsas verir ki, Ermənistanın və onun havadarlarının növbəti şousu heç bir nəticə verməyəcək və bu riyakar plan birmənalı olaraq iflasa məhkumdur.

Ermənilərin “humanitar yük” oyunu başlamadan bitməyə məhkumdur. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir və Azərbaycan tam olaraq beynəlxalq hüquq və prinsiplərdən çıxış edərək öz suverenliyi ilə bağlı məsələlərdə qərar verir. Nə Ermənistan, nə də onun havadarlarının sözügedən məsələdə söz hüququ yoxdur!

0