Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanın "vəzifə"sindən gedəcəyi ilə bağlı iddialar səngimir.
Artıq bir müddətdir ki, Ermənistan mətbuatında onun qondarma qurumun başından gedəcəyi ilə bağlı çox sayda məlumat tirajlanır. Araikin də yaxın zamanda bu qərarını açıqlayacağı proqnozlaşdırılır.
Maraqlıdır, bu iddialar nə dərəcədə həqiqətə uyğundur? Bəs Araik getsə, onu kim əvəz edəcək?
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli HİT.az-a açıqlamasında bildirib ki, istənilən şəxsin qondarma quruma başçılıq etməsinin bir önəmi yoxdur:
"Araik Artunyan, Ruben Vardanyan, Qurgen Nersisyan və ya Samvel Babayanın onlara başçılıq etməsi heç nəyi dəyişmir. Onsuz da onların "vəzifəsi" Azərbaycan tərəfindən qəbul edilmir. Proses birbaşa olaraq bizi məsələnin həllinə - antiterror əməliyyatına və yaxud da digər yollara aparır.
Araik Arutyunyanın getməsinin nə dərəcə real olduğunu bilmək hələ mümkün deyil. Amma o getsə, daha sonra gələcək adam azərbaycanlı ola bilər. Ona görə proseslərin yekunlaşmasına doğru addımların atıldığını görürük".
Pərviz