Qərb "Taxıl sazişi"nə görə Rusiyaya güzəştə gedəcək? - ŞƏRH

DÜNYA
14:20 / 03.08.2023
720

Rusiya tərəfi "Taxıl sazişi"nə qayıtmaq üçün şərtlərini açıqlayıb.

Belə ki, rəsmi Moskva Qərbin kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət verilməsini tələb edib. Kreml yalnız ondan sonra "Taxıl sazişi"nin yenidən bərpa oluna biləcəyini bəyan edib. Hətta rus mətbuatı bu istiqamətdə müsbət addımların atıla biləcəyini iddia edib.

Maraqlıdır, indiki vəziyyətdə Rusiyanın istəyinin həyata keçməsi və "Taxıl sazişi"nin uzadılma ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Qərbin Rusiyanın istəyini qəbul edəcəyi real görünmür:

331176

"Rəsmi Moskva bundan əvvəl də "Taxıl sazişi"ni imzalayarkən bildirmişdi ki, bu həm Ukraya, həm də Rusiya taxılının satılması üçün bir çıxış yolu olacaq. Bundan başqa, Rusiya kənd təsərrüfatı üçün Qərbdən lazım olan gübrə və digər ləvazimatları ala biləcəyini gözləyirdi. Ancaq bunlar baş vermədi. Kreml də buna görə "Taxıl sazişi"ni dayandırdı. Çünki bu saziş çərçivəsində Ukrayna taxılı dünyanın bütün ölkələrinə satılırdı, amma Rusiya taxılı demək olar ki, alınmırdı. Hətta rus taxılı anbarlarda çürüməyə tərk edilirdi. Həmçinin, onlar taxıl əkini üçün lazım olan gübrələri də əldə edə bilmirdilər".

Ekspert qeyd edib ki, Rusiya bu səbəbdən də müxtəlif bəhanələr gətirərək "Taxıl sazişi"ni dayandırdığını elan etdi:

"Yəni rus taxılı alınmadığına, Rusiyaya gübrə və digər lazımi materiallar verilmədiyinə görə bu addım atıldı. Eyni zamanda, Rusiyadan çıxarılan taxıl kasıb ölkələrə aparılmaq əvəzinə kifayət qədər zəngin ölkələrə aparılırdı. Ümumiyyətlə, "Taxıl sazişi" çərçivəsində çıxarılan taxılın çox böyük əksəriyyəti Avropanın inkişaf etmiş ölkələrinə getmişdi. Sadəcə bir neçə konteyner Afrika və Asiyanın üçüncü dünya ölkələrinə göndərilmişdi. Rusiya da kasıb ölkələrin taxıl tapmayacağını və dünyada qida böhranı olacağını bildirirərək sazişdən çıxdı".

Politoloq düşünür ki, rəsmi Moskva "Taxıl sazişi"ni dayandırmaqla Qərbin Rusiyanın kənd təsərrüfatı məhsulları üçün öz bazarlarını açıq elan etməsinə çalışır:

"Ancaq bunun belə tezliklə olacağını düşünmürəm. Çünki Qərb Ukraynanın taxılının sərbəst buraxılması qarşılığında belə, Rusiyanın taxılının keçidinə icazə verməmişdi. Əgər tək taxıla bu güzəşti etmədilərsə, Rusiyanın bütün kənd təsərrüfatı məhsullarına da bu güzəşti etməyəcəklər. 

Ancaq yenə də Türkiyə hansısa ortaq məxrəcə gəlməyə çalışacaq. Ola bilsin ki, bu məhsulların bir qismi hansısa şəkildə Türkiyə üzərindən ixrac edilsin. Həmçinin, rəsmi Ankara Ukrayna taxılı ilə birlikdə Rusiya taxılının da öz ərazisindən tranzit satışını həyata keçirməyə çalışa bilər".

Pərviz

0