1 dolların 100 rubl olması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - RƏY

İQTİSADİYYAT
12:39 / 04.08.2023
947

Rusiyanın milli valyutası rublla bağlı şok proqnozlar verilib. 

Belə ki, 1 dolların ilin sonuna qədər 100 rubla çatacağı və hətta onu da ötəcəyi bildirilir. Nəzərə almaq lazımdır ki, rubl təkcə yayın əvvəllindən ABŞ dollarına nisbətdə 16%, avroya qarşı isə 20% ucuzlaşıb. Analtiklər hazırda 1 dolların 94 rubl  olduğunu nəzərə alaraq, sözügedən ehtimalın yüksək olduğunu qeyd edirlər.

Maraqlıdır, 1 dollar ilin sonuna qədər 100 rubl ola və hətta onu da keçə bilər? Bunun Azərbaycan iqtisadiyyatına nə kimi təsirləri ola bilər?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, son bir neçə gün ərzində rus rublu xarici valyutalar qarşısında dəyər itirməkdədir:

331221

"Xüsusilə 1 dollar 94 rubl, avro isə 103 rubla qədər bahalaşıb. Həmçinin, digər valyutalar da rubl qarşısında dəyər qazanıblar. Bu gün rus rublunun dəyər itirməsinin əsas səbəbi Rusiyanın Maliyyə Nazirliyinin 7 avqust-6 sentyabr aralıqlarında 40,5 milyard rubl dəyərində xarici valyuta almaq istəyidir. Bu bir gün ərzində təxminən 1,8 milyard rublluq valyuta deməkdir. Bu alışın əsas səbəbi də büdcədə neft və qazın qiymətinin planlaşdırılandan artıq satışı səbəbindən yaranan əlavə vəsaitdir ki, Maliyyə Nazirliyi də bunu xarici valyutaya çevirir. Hal-hazırda kəskin ucuzlaşmanın əsas səbəbi budur".

Ekspert qeyd edib ki, uzun müddət ərzində Rusiya iqtisadiyyatını yaxşı vəziyyət gözləmir:

"Çünki son proseslər Rusiyanın Ukraynadakı müharibəyə davam edəcəyini göstərir. Bu isə Kremlin müharibəyə pul xərcləyəcəyi və sanksiyaların davam edəcəyi deməkdir. Ümumiyyətlə, Rusiya valyuta bazarı hal-hazırda çox həssas bir bazardır. Nəzərə almaq lazımdır ki, embarqolar səbəbindən idxal zəifləyib. Üstəlik, Rusiya bu embarqo səbəbindən bir çox məhsullarını ixrac edə bilmir. Ona görə də valyuta bazarında vəziyyət həddindən artıq həssaslaşıb".

Elman Sadıqovun sözlərinə görə, ilin sonuna qədər 1 dolların 100 rubl olması proqnozu texniki analizin nəticəsidir:

"Yəni rus rublu bu gedişatda davam edərsə, dəyər itirəcək. Əslində ilin sonunda rus rublu ilə bağlı proqnoz vermək çətindir. Sadəcə olaraq, 1 dolların 100 rubl olacağı ehtimalı hazırkı gedişatın davam edəcəyi şəklindədir. Ola bilər ki, hansısa müsbət tendensiyalar da olsun. Amma bu ehtimal da çox azdır və hətta gözlənilmir. Hər bir halda, 1 dolların 100 rubla qalxa ehtimalı yüksəkdir və təbiidir".

Həmsöhbətimiz diqqətə çatdırıb ki, 1 dolların 100 rubl səviyyəsinə qədər yüksəlməsi Azərbaycanın Rusiya ilə ixracına mənfi təsir göstərə bilər:
"Çünki dolların dəyər qazanması bizim Rusiyaya ixrac etdiyimiz məhsulların qiymətinə və rus əhalisinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə, bunun ixracın həcminə və məhsulların qiymətinə təsir edə biləcəyini deyə bilərik. Amma idxal məsələlərində Rusiyadan alınan məhsulların ucuzlaşması müşahidə oluna bilər. İstər taxta, istər tikinti materialları, istərsə də taxıl məhsullarının qiyməti nisbətən ucuzlaşa bilər. Amma bəzi məhsullar var ki, dollar dəyər qazandıqca onlar da qiymət artımına məruz qalır".

Ekspert əlavə edib ki, dolların dəyər qazanması və Rusiya iqtisadiyyatının getdikcə pisləşməsi orada olan azərbaycanlılara da öz təsirini göstərir:

"Nəticədə bu, Azərbaycana gələn pul köçürmələrinə də müəyyən mənfi təsir formalaşdıra bilər. Amma bu, kifayət qədər böyük göstərici deyil. Yəni onun kursun dəyişməsi nəticəsində iqtisadi vəziyyətin pisləşməsindən fərqli olaraq təsiri minimumdur".

Pərviz

0