“Azalternativenerji” ləğv edildi

İQTİSADİYYAT
12:43 / 05.08.2023
356

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

HİT.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, “Azalternativenerji” MMC-nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlakı özəlləşdirməyə açıq elan edilib.

Müəyyən edilib ki, özəlləşdirməyə açıq elan edilən əmlakın:

- özəlləşdirilməsi üsulları barədə qərarlar, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir;

- özəlləşdirilməsində yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilir.

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin üçüncü şəxslər qarşısında öhdəliklərinin icrasının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görəcək.

İqtisadiyyat Nazirliyi özəlləşdirməyə açıq elan edilmiş əmlakın özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirməli; investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə, özəlləşdirilməsinin daha səmərəli şəkildə həyata keiçirilməsi üçün zəruri tədbirlər görməlidir.

Energetika Nazirliyi özəlləşdirməyə açıq elan edilmiş əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təhvil verilənədək həmin əmlakın idarə olunmasını və qorunub saxlanılmasını təmin etməli; Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həmin əmlakın idarə olunması və qorunub saxlanılması üçün zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

0