“Axmaq Saakaşvilinin (Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili-red.) arxasında Rusiya sərhədlərinin bilavasitə yaxınlığında vəziyyəti qızışdırmağa çalışan kollektiv Qərb dayanırdı. Silahlı qüvvələrimiz Abxaziya və Cənubi Osetiyada yaşayan xalqımızı düşməndən qorudu”.
HİT.az xəbər verir ki, bunu “Beşgünlük müharibə”nin başlanmasının ildönümündə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
2008-ci ildə Rusiya prezidenti postunu tutan Dmitri Medvedev avqustun 8-də Cənubi Osetiya münaqişəsi zonasında "sülhün bərqərar olması üçün" əməliyyata başladığını elan edib. Dmitri Medvedevin sözlərinə görə, 2008-ci ildə “ABŞ və onun vassallarında açıq şəkildə təcrübə yox idi”. Lakin indi, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, “onlar yenidən cinayətkar müharibə aparır, Rusiyanı yer üzündən silməyə çalışırlar”.
“Bütün NATO sistemi praktiki olaraq bizə qarşı açıq mübarizə aparır. Xüsusi hərbi əməliyyatın bütün tapşırıqlarını həll etmək üçün kifayət qədər qüvvəmiz var. 2008-ci ilin avqustunda olduğu kimi, düşmənlərimiz darmadağın ediləcək və Rusiya öz şərtləri ilə sülhə nail olacaq”, deyə o bildirib.
Mixail Saakaşvili 2004-2013-cü illərdə ardıcıl iki müddət Gürcüstan prezidenti olub. 2008-ci il avqustun 8-də o, separatçı Cənubi Osetiya ərazisinə qoşun yeritmək əmri verib. Buna cavab olaraq Rusiya Gürcüstana qarşı beş gün davam edən hərbi əməliyyata başlayıb.
Samir