Afrikanın ən böyük infrastruktur layihələrinin maliyyələşdirməsində Qərb podratçılarını bazardan sıxışdırmaq üçün Çin şirkətlərinə cəmi 10 il lazım oldu.
HİT.az xəbər verir ki, bunu Honq-Konqda nəşr olunan "South China Morning Post" (SCMP) qəzeti yazır.
Qəzet qeyd edir ki, 90-cı illərdə Afrikada tikinti layihələrinin 80%-i Qərb şirkətləri tərəfindən həyata keçirilirdi. Onların qitədə infrastruktur tikintisində payı tədricən azaldı, lakin onlar 2013-cü ildə bazarın təxminən 37%-ni, Çin isə təxminən 12%-ni təşkil edirdi. Bununla belə, Pekinin “Bir kəmər, bir yol” layihəsi 2013-cü ildə ortaya çıxdıqdan sonra Çin şirkətləri sürətlə bazarın əhəmiyyətli bir hissəsini ələ keçirdilər.
Beləliklə, 2022-ci ildə çinli podratçılar Afrikanın ən böyük infrastruktur obyektlərinin tikintisi üzrə müqavilələrin 31%-ni qazanıblar. Eyni zamanda, Qərb ölkələrinin şirkətlərinin payı 12%-ə qədər azalıb.
Hazırda Pekin Afrikada dəyəri bir neçə milyard dollar olan bir neçə iri infrastruktur layihəsinə start verib. Çin Afrika ölkələrinin ən böyük ticarət tərəfdaşına çevrilib. 2021-ci ildə Çinin Afrika qitəsi ilə ticarəti 250 milyard dollar, ABŞ-ın Afrika ilə ticarəti isə cəmi 62 milyard dollar təşkil edib.
Nəşr qeyd edir ki, son iki ildə Çinin Afrikanın Saharadan cənubunda ümumi infrastruktur layihələri 155 milyard dollara çatıb. Eyni zamanda, 2021-ci ildə bu regiona birbaşa Amerika investisiyaları cəmi 44,8 milyard dollar təşkil edib.
Samir