Manatla bağlı müsbət proqnozda neft amili - RƏY 

İQTİSADİYYAT
11:47 / 14.08.2023
714

Manatla bağlı müsbət proqnoz verilib.

Belə ki, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING-nin qlobal iqtisadi proqnozunda bildirilib ki, Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq. Korporasiya Azərbaycan manatının 2023, 2024 və 2025-ci illər üzrə ABŞ dolları qarşısında məzənnəsini üzrə proqnozunu 1.70 AZN müəyyən edib. 

Maraqlıdır, belə proqnozlar nəyə əsasən verilir və nə dərəcədə realdır?

İqtisadçı ekspert Xalid Kərimli HİT.az-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar hər zaman müxtəlif proqnozlar verirlər:

331846

"Proqnozlar verəndə də mülahizələr irəli sürürlər. Yəni deyirlər ki, biz proqnozumuzu bu mülahizələrə əsaslandırırıq. Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING-nin mülahizəsi isə manatın stabilliyinə, daha doğrusu, manatın dollara fiks rejiminin davam etməsinə əsaslanıb. Onlar, bu mülahizəni irəli sürəndə Azərbaycan hökumətinin, Mərkəzi Bankının mövqeyini əsas götürür və neftin proqnozlaşdırılan qiymətlərinə baxırlar. Amma bu cür beynəlxalq təşkilatların proqnozlarını zaman-zaman dəyişiklərini də götürük. Məsələn, neftin orta qiyməti ilə bağlı verilən proqnozları 2-3 ay sonra dəyişərək, başqa səviyyədə proqnoz verirlər".

Ekspert vurğulayıb ki, Azərbaycan indiki yüksək inflyasiya şəraitində manatın devalvasiyaya uğramasını və inflyasiyanın daha da sürətlənməsini istəməz:

"Çünki hazırda əsas məqsəd inflyasiyanın aşağı salınmasıdır. Bu isə ən azından manatın dəyərinin sabit saxlanılmasını tələb edir. Ümumiyyətlə, bu proqnozun reallaşması Azərbaycanın valyuta gəlirlərindən asılı olacaq. Ölkəyə gələn pul isə neft və qazın qiymətindən asılıdır. Demək olar ki, son dövrlərdə nə qədər neftdən qazanc gəlirsə, bir o qədər də qazdan gəlir əldə olunur. Hazırda neftin qiyməti yüksəkdir. Neft qiymətləri bu formada qalacaqsa, yəqin ki, hökumət də manatın məzənnəsini dollara görə bu formada saxlamağa çalışacaq. Neftin qiymətləri düşərsə, onda manatı stabil saxlamaq mümkün olmayacaq".

Xalid Kərimli qeyd edib ki, bu, birbaşa neft və qazın orta müddətli qiymətindən asılı olacaq:

"Çünki qısa müddətli dəyişiklər manatın məzənnəsinə təsir etməyə bilər, amma orta müddətli dəyişikliklər təsir göstərə bilər. Yəni manatın məzənnəsi sırf bununla bağlıdır. ING korporasiyası da bu göstəricilərə baxaraq proqnoz verir. Məsələn, qazın qiymətləri ucuzlaşan kimi, Rusiyada rublun qiyməti də ucuzlaşdı. Nəzərə almaq lazımdır ki, Rusiya iqtisadiyyatı qazdan asılıdır. Bizdə də neftlə bağlı bənzər ssenari ola bilər. Əgər neftin qiymətləri düşsə, manatın məzənnəsi kəskin ucuzlaşacaq". 

Pərviz

0