Rusiyanın tərəfdaşlarını hərbi əməkdaşlığa dəvət etməsinə səbəb nədir? - ŞƏRH

DÜNYA
11:49 / 15.08.2023
755

Rusiya tərəfdaş ölkələri hərbi əməkdaşlığa dəvət edib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Ordu-2023" Beynəlxalq Hərbi-Texniki Forumun açılışında danışıb.

O qeyd edib ki, Rusiya digər ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirməyi və birgə hərbi təlimlərin keçirilməsini təklif edir:

“Rusiya öz maraqlarını müdafiə edən bütün ölkələrlə bərabərhüquqlu hərbi-texniki əməkdaşlığa açıqdır. Rusiya öz tərəfdaşlarına, demək olar ki, bütün növlərdə müasir silahların geniş çeşidini təklif edir”.

Maraqlıdır, Vladimir Putin bununla nəyə nail olmağa çalışır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Ukrayna müharibəsi Rusiya üçün ciddi itkilərə səbəb oldu:

331902

"Canlı qüvvə, hərbi texnika və iqtisadi itkisi bir yana, Rusiya siyasi baxımdan da ciddi itkilərə mərzu qaldı. Əgər 10 il əvvəl SSRİ-ni yenidən bərpa etmək istəyən bir Rusiya vardısa, indi tərəfdaş adlandırdığı ölkələri yanında saxlamaq istəyən Rusiya var. Lakin təəssüf ki, Kreml üçün tərəfdaş deyə bir anlayış yoxdur. Üzdə bu belə görünsə də, rəsmi Moskva həmin ölkələrə faktiki olaraq müstəmləkəsi ya da forpostu gözündə baxır".

Politoloq bu zaman bəzi nümunələri xatırladıb:

"Məsələn, Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsinə, Ukrayna ilə müharibəsinə, Polşa və Moldova ilə gərginliyinə nəzər salaq. Həmçinin, Mərkəzi Asiyada qaraqalpaqların ayaqlanmasını da unutmaq olmaz. Hətta Tacikistan-Qırğızıstan sərhəddində atışmaların olması da bunu sübut edir".

Turan Rzayev vurğulayıb ki, Rusiyanın öz maraqlarını müdafiə edən bütün ölkələrlə bərabərhüquqlu hərbi-texniki əməkdaşlığa açıq olmasını açıqlaması çox gülüncdür:

"Rusiyanın hansı müasir hərbi texnikası var ki, onu tərəfdaşlarına təklif edir? Rusiyanın hərbi qüdrəti Ukraynada özünü göstərdi. Rəsmi Moskvanın tərəfdaşlarına təklif etdiyi silahlar bu gün Kiyevdə insanlara sərgilənir. Düşünürəm ki, bu, Rusiyanın imdat çağrışından başqa bir şey deyil".

Pərviz

0