"Gün ərzində qadınların 20, kişilərin isə 35 qram (kkal) şəkər qəbul etməsinin normal olduğu hesablanıb".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, gündəlik şəkər tələbatını daha çox faydalı şəkərdən əldə etmək lazımdır:
"Həm meyvələrin tərkibindəki fruktozlarda, həm də tərəvəzlər və hətta südün tərkibində olan təbii şəkərlərin insan orqanizminə faydası var. Bu miqdarı tənzimləsək qəbul etdiyimiz şəkər gün ərzində enerjili olmağımıza, mərkəzi beyin sistemimizin yaxşı işləməsinə və gözlərimizin görməsinin itiləşməsinə səbəb olur. Ancaq lazım olandan həddindən artıq şəkər qəbulu bir çox insanlar arasında müşahidə olunur. Xüsusilə də rafinə olunmuş və ya un məmulatları ilə birlikdə hazırlanan şəkərlər daha çox qəbul olunur".
Mütəxəssisin sözlərinə görə, şəkəri həddindən artıq qəbul etdikdə asılılıq yaradır:
"Ümumiyyətlə, şəkər asılılıq yaradan qidaların ən başında gəlir. Bu da birmənalı şəkildə insan orqanizmində həm bütün orqanların funksiyasına mənfi təsir göstərir, həm də artıq çəki almağa, piylənməyə qədər gətirib çıxarır. Həddindən artıq şəkərli qidalar qəbul edən insanlarda mərkəzi beyin sistemi və böyrəkləri daha çox ziyan görür. Eyni zamanda, şəkər qaraciyər yağlanmasına və diş çürümələrinə də səbəb olur. Başqa sözlə, şəkər insanların erkən yaşlarda dişlərini itirməsinə də gətirib çıxarır".
Ekspert əlavə edib ki, şəkərdən asılı olan insanlar yavaş-yavaş onun miqdarını azaltmalıdırlar:
"Həmçinin, gün ərzində orqanizmə lazım olan qədər su içməyə diqqət yetirilməlidir. Əgər hər hansısa şirniyyat yeyəcəksinizsə, onun yanında və ya ondan bir az sonra ev üsulu hazırlanmış qatıq və yaxud ayrandan istifadə edin. Çünki qəbul olunan şəkər qanda olan şəkərin miqdarını anidən yüksəldir, sonra isə tez bir zamanda aşağı düşür. Belə olan halda isə insan enerjisiz, gücsüz olur və müvazinətini itirir. Üstəlik, buna görə daim yemək ehtiyacı da duyulur. Həmçinin, qan dövranının pozulması gələcəkdə hipertoniyaya səbəb olur. Lakin ev üsulu hazırlanan qatıq və ayran qan şəkərinin tənzimlənməsinə kömək edir.
Bununla yanaşı, şəkərli qidalar qəbul edən insanlar həm də zülal tərkibli qidalar qəbul edərək bu balansı tənzimləyə bilərlər. Mütləq şəkildə zülal tərkibli qidalardan istifadə etmək tövsiyə olunur".
Məhsəti Hüseynova qeyd edib ki, şəkəri tamamilə həyatınızdan çıxarmaq da orqanizm üçün zərərli ola bilər:
"Çünki gün ərzində orqanizmin enerjisini təmin edən əsas karbohidratdır. O da məhz şəkərdən əldə olunur. Yaxşı olar ki, bu da faydalı karbohidratlarlar şəkildə qəbul olunsun. Mövsümü meyvə-tərəvəzlərdən və quru meyvələrdən faydalı şəkər qəbul etmək insan orqanizmi üçün müsbət təsir verəcək".
Həmsöhbətimiz vurğulayıb ki, həddindən artıq çox şəkər qəbul edən insanlarda ürək-damar xəstəlikləri riski artır:
"Demək olar ki, ürək-damar xəstəliklərinin daha çox erkən yaşa enməsi və gənc yaşda ürək tutmasından əziyyət çəkənlərin olmasının əsas səbəbi həddindən artıq şəkər qəbul etmələridir. Bu isə özünü daha çox qazlı, rəngli və şirin içkilərdə göstərir. Belə içkiləri içən insanlar gün ərzində 10-15 dəfə artıq orqanizmə lazım olandan çox şəkər qəbul edirlər. Bu isə birbaşa olaraq damar tıxanıqlığı və ürək-damar xəstəliklərinə səbəb olur. Mütləq şəkildə buna da diqqət etmək lazımdır".
Pərviz