Rusiya pasportu olanlar Qarabağı tərk edir - Moskvanın planı baş tutmadı

SİYASƏT
19:22 / 21.08.2023
614

60-a yaxın Rusiya vətəndaşı Qarabağı tərk edib. Sonuncu dəfə 14 iyunda Rusiya pasportu daşıyan 40-a yaxın şəxs getmişdi. Erməni mənbələr yaxın günlərdə Rusiya pasportu daşıyan şəxslərin bölgəni tərk edəcəyini, onların Laçın sərhəd-keçid məntəqəsindən çıxışı ilə bağlı razılaşmanın olduğunu yazır.

Qarabağdakı Rusiya vətəndaşlarının bir qismi sülhməramlı hərbçilərin ailələridir, lakin sülhməramlılar bölgəni tərk etmədiyi üçün ərazini tərk edənlərin onların ailə üzvləri olduğu inandırıcı deyil. Gedənlərin əksəriyyətinin Qarabağda “ruc icması”nın üzvləri kimi təqdim edilənlər və Rusiya pasportu daşıyan ermənilər olduğu ehtimalı daha çoxdur.

Moskva Qarabağda “rus icması” kartını rıçaqlardan biri olaraq saxlayırdı və “Donbas”, “Dnestryanı” ssenarilərinin tətbiqi istəkləri var idi. İstisna deyil ki, buna görə sülhməramlılar gəldikdən sonra bir qrup erməniyə pasport da verilib. Lakin Bakının mövqeyi və atdığı addımlar situasiyanı dəyişdirdi, xüsusilə Laçın postunun qurulmasından sonra.
Rusiya posportu daşıyanların Qarabağı tərk etməsi Moskvanın “rus icması” planının mümkün olmayacağını anlaması kimi də qəbul edilə bilər.

Məlumatlara görə, Qarabağı tərk edənlər əsasən separatizmi dəstəkləyənlərdir. Bu amil də bölgədə bu kimi ssenarilərin həyata keçirilməsinin mümkün olmadığının qəbul edilməsi deməkdir.

Qarabağda yalnız Azərbaycanın qanunlarına hörmət edən, vətəndaşlığı qəbul edənlər yaşaya bilərlər. Rəsmi Bakı bunu müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib. Və bunun alternativi yoxdur. Hansısa alternativ haqda düşünənlər üçün isə qapılar açıqdır, istədikləri yerə gedə bilərlər. Artıq proses başlayıb, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər Qarabağı tərk edir, yerdə qalanlar isə vətəndaşlığı qəbul edə və daha yaxşı yaşaya bilərlər.

Asif Nərimanlı

0