İrəvan “sərhəddə müharibə” planını işə saldı - Göyçədə nə baş verib?

SİYASƏT
09:17 / 22.08.2023
721

Göyçədə (Geqarkunik) erməni hərbçisi ölüb. Ermənistan tərəfi hərbçinin Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldüyünü iddia edir. Beləliklə, sərhəddə gözənilən gərginliyə başlayırlar: hədəf “hücum edən tərəf” kimi Azərbaycana beynəlxalq təzyiqə nail olmaqdır;

Ermənistan BMT Təhlükəsizlik Şurasında nəticə əldə edə bilməsə də, prosesi davam etdirir. Ermənistan Xarici İşlər Nazirliyinin dünən yaydığı açıqlamada qeyd edilir ki, Qarabağdakı “humanitar fəlakət” iddialarını beynəlxalq müstəviyə çıxarmaq planından imtina etməyiblər.

Hazırda hədəfləri Ağdam-Xankəndi yolunun arxa plana keçməsi, Laçın sərhəd-keçid məntəqəsinin açılması olduğu halda, sərhəddə gərginlik Ermənistana niyə lazımdır?

Burada iki məqsəd aydın görünür:

Birincisi, Bakıya qarşı təzyiqə nail olmaq üçün daha real hesab etdikləri ssenarinin işə salınmasıdır.

İrəvanda anlayırlar ki, Azərbaycana öz ərazisi olan Qarabağ məsələsinə görə təzyiq edilməyəcək, lakin sərhəd toqquşmaları ilə buna nail ola bilərlər. 44 günlük müharibədən sonra Bakıya qarşı təzyiqlər əsasən sərhəd toqquşmalarında edilib, sentyabr döyüşlərində bu, xüsusilə hiss olunurdu. Ermənistan eyni ssenari üzrə hərəkət edir və istisna deyil ki, BMT-yə bu dəfə sərhəddə baş verəcək eskalasiya üzərindən çıxmaq, Qarabağla bağlı iddialarını da bunun fonunda irəli sürmək niyyətindədirlər.

İkincisi, danışıqlar masasındakı mövcud gündəliyi arxa plana keçirməkdir.

Danışıqlar masasındakı son vəziyyət Ermənistanın bütün cəhdlərinin boşa çıxdığını göstərir və İrəvanın Bakının tələblərinə uyğun sülh sazişini imzalamaqdan başqa yolu görünmür. Məqsəd sərhəddə eskalasiyanın yaradılması və prosesi yenidən arxa plana keçirmək, danışıqların növbəti raundunda “qoşunların sərhəddən geri çəkilməsi” istəklərini irəli sürməkdir.

Belə vəziyyət Ermənistanın təxribatlarını genişləndirəcəyi və yeni eskalasiyanın yaşanacağı gözləntisini artırır.

Asif Nərimanlı

0