Dələduzluqda təqsirləndirilən iş adamı azadlığa buraxıldı

ÖLKƏ
14:10 / 23.08.2023
593

Külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Elnur Səmədov azadlığa buraxılıb. 

Bu barədə e-huquq.az-a onun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

O bildirib ki, iş adamı Səmədov Elnur Fizuli oğluna qarşı 2017-ci il tarixdə mülki münasibətlərdən irəli gələn mübahisələrə görə cinayət işi başlanıb: "Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı məhkəmə tərəfindən təmin edilərək 19 may 2017-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Elnur Səmədovun onun barəsində cinayət işinin başlanılmasından xəbəri olmayıb, 02 may 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyi zaman hava limanında saxlanılıb və barəsində cinayət işi üzrə ibtidai istintaqa başlanılıb.

İş materiallarından aydın olur ki, Elnur Səmədov 12 ay müddətində Rusiya Federasiyasında və 3 ay müddətində Azərbaycan Respublikasında qanunsuz olaraq həbsdə saxlanılıb. Buna baxmayaraq, şəxs həbsdən azad edilməyib. Lakin tərəfimdən məhkəmədə irəli sürülən faktlar və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına verdiyi vəsatət nəticəsində 16 aydan çox müddətdə qanunsuz olaraq həbsdə saxlanılan Səmədov Elnur Fizuli oğlu azadlığa buraxılıb.

Belə ki, şəxsin mülki hüquq münasibətlərində olmasına baxmayaraq, qanunsuz və əsassız olaraq onun əməlinin cinayət əməli kimi qiymətləndirilməsi və həbsdə saxlanılması müdafiə tərəfinin verdiyi sübutlar əsasında məhkəmə tərəfindən təsdiq olunub.

Baş vermiş ədalətsizliyiə son qoyduğu və tam, hərtərəfli və obyektiv araşdırma apararaq ədalətli qərar qəbul etdiyi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri, məhkəmə iclasına sədrlik edən Habil Məmmədova, Cavid Hüseynə və Elbəy Allahverdiyevə təşəkkürlərimizi bildiririk.

Eyni zamanda cinayəti işinin obyektiv araşdırılmasına kömək göstərdiyinə görə Azərbaycan Respublikasının daxili şlər naziri general-polkovnik cənab Vilayət Eyvazova minnətdarlığımızı bildiririk".

0