Antiterror qaçılmazdır: "Ermənistan genişmiqyaslı hərbi iğtişaşlara hazırlaşır"

HƏRBİ
17:25 / 23.08.2023
733

Son günlərdə ermənilərin Azərbaycana qarşı təxribatı durmadan artmaqdadır. Demək olar ki, hər gün və hətta gündə bir neçə dəfə bu təxribatların şahidi oluruq. Bütün bunların fonunda Azərbaycanın yenidən Qarabağda antiterror əməliyyatlarına başlaya biləcəyi ehtimalı gündəmə gəlib. 

Bəs, antiterror əməliyyatı nə zaman baş verə bilər?

Milli Məclisin deputatı Naqif Həmzəyev Hit.az-a açıqlamasında bildirib ki, ermənilər sülh danışıqlarının reallaşmasında elə də maraqlı deyil:

332420

"Xüsusilə, sonuncu Brüssel görüşündən sonra ermənilərin təxribata əl atması, BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə mövqe sərgiləməsi və BMT-dən əliboş qayıtması erməniləri daha da azğınlaşdırıb. Onlar müxtəlif yollar axtarır ki, Azərbaycandan qisas alsınlar və daha məkrli planlar həyata keçirsinlər. Amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri daima hazırdır və bütün xain planların qarşısını almaq gücündədir. Əgər Ermənistan tutduğu mövqedən geri çəkilməzsə, sülh danışıqlarının reallaşmasına real tövhələr verməzsə, bu zaman təbii ki, Azərbaycan anti-terror əməliyyatları keçirə bilər. Eyni zamanda, yaxın günlərdə Bərdədə erməniəsilli sakinlərlə Azərbaycan nümayəndə heyəti arasında görüş ehtimalı var. Ermənistan mətbuatında bu barədə məlumat dərc olunub. Bu görüş baş tutacağı təqdirdə, antiterror əməliyyatına ehtiyac qalmayacaq".

Onun sözlərinə görə, ermənilər silahı yerə qoyaraq, Azərbaycan ərazilərindən tərk etməkdən boyun qaçırsalar, qondarma vəzifələrinin icrasına davam etsələr, antiterror əməliyyatının keçirilməsi ehtimalı böyükdür:

"Baş tuta biləcək toqquşmaya görə də məsuliyyəti Ermənistan tərəfi, seperatçılar və onları dəstəkləyən havadarları daşımış olacaq. İstənilən halda, Azərbaycan sonuna qədər sülhə maraqlı tərəf kimi çıxış edəcək. Sülh yolu ilə bu proses normallaşmasa, sonuncu addım olaraq antiterror əməliyyatını keçirmək məcburiyyətində qalacaq. Həmçinin, son günlərdə Hindistan vasitəsilə Ermənistanın silahlandırılması, silahların daşınaraq İran ərazisindən Ermənistana gətirilməsi onu deməyə imkan verir ki, Ermənistan genişmiqyaslı hərbi iğtişaşlara hazırlaşır. Bu baxımdan, onların silahlanması Azərbaycana təhdid daşıyacaqsa, antiterror əməliyyatlarının baş verməsi prosesi sürətlənə bilər".

Leyla

0