Azərbaycanı Cümhuriyyət edən Fətəli xan Xoyski - Maraqlı faktlar

MARAQLI
20:00 / 27.08.2023
862

Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri də Fətəli xan Xoyski olub.

Fətəli Xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində dünyaya gəlib. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub.

Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu xan idi. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxıb. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirib. Hüquqşünas kimi çalışıb.

Xan Xoyski 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi - mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak edib. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olub.

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu. Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.

Hökumət paytaxt Bakıya köçürülənə qədər F.Xoyski Gəncədə ölkənin iqtisadi həyatı, dəmiryolunun, poçtun bərpası kimi bir sıra digər mühüm tədbirlər də həyata keçirib. O, Azərbaycan üçün an ağır və mürəkkəb dövrdə, sözün əsl mənasında Azərbaycanın varlığı, ölüm və ya olum məsələsinin həll olunduğu illərdə fəaliyyət göstərib.

Qeyd edim ki, bu gün də Azərbaycanın bayrağı olan ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan milli rəmzimizin qəbul olunmasının səbəbkarı və təəssübkeşi də məhz Xan Xoyski olub. 

Xoyskinin rəhbərliyi ilə ilk dəfə 1918-ci ildə iki diviziyanın yaradılması ilə Azərbaycan ordusunun formalaşdırılmasına başlanıldı, iyunun 27-də türk dili Azərbaycanın dövlət dili elan olundu, iyulun 2-də ilk polis bölümünün yaradılması haqqında əmr verildi, iyulun 15-də Güney Qafqaz ərazisində türklərə və müsəlmanlara qarşı törədilən vəhşilikləri, qətliamları, soyqırımları öyrənmək və günahkarları məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı, onun təşəbbüsü ilə 31 mart tarixinin "soyqırım" günü kimi qeyd olunmasına qərar verildi, avqustun 30-da Gəncə şəhərinin adını özünə qaytardı.

Bakı vaxtının ölkə ərazisində saat vaxtı kimi götürülməsi, mətbuat üzərindən senzuranın qaldırılması məhz Xan Xoyskinin adı ilə bağlıdır..

Eyni zamanda Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər həyata keçirilməsi Xan Xoyskinin sayəsində mümkün olub.

Qeyd edim ki, o dövrdə ölkədə ən çox Osmanlılara güvənilsə də, Xan Xoyski Azərbaycanın daxili və xarici siyasətinin müstəqil aparılmasını daha üstün tutub.

Fətəli xan Osmanlı dövlətinin yeganə beynəlxalq müttəfiqi olmasına baxmayaraq, türk komandanlığının Azərbaycanın daxili işlərinə qarışmasına qarşı etirazını bildirib, dövlətin müstəqilliyini qorumağı prioritet vəzifə hesab edib.

Sizlərə bir dialoq təqdim edirəm. Bu Xan Xoyski ilə Britaniyanın Bakıda böyük səlahiyyət sahibi olan generalı Tomsonla danışığıdır. Bu faktı dostum, tarixçi Elmar Həsənli paylaşıb. Bu dialoq sizə Xan Xoyskinin şəxsiyyətinin necə olduğunu göstərir.

Fətəli xan: Siz böyük bir millət, böyük imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız.
General Tomson: Bu söylədikləriniz siyasi şeylərdir, iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm.
Fətəli xan: Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm.

Jurnalist Ülviyyə Tahirqızı yazır: "O, 1919-cu ilin fevralın 25-də Milli Şuraya istefa məktubu göndərmişdi. İstefanın başlıca səbəbi isə Nazirlər Şurasında işləyən bir məmurun korrupsiya faktına imza atması olmuşdu. Fətəli xan özünə qətiyyən aid olmasa da, işçisinin hərəkətindən üzülmüş və istefa vermişdi" 

Hörmətli tarixçi alim, dəyərli Firdovsiyə Əhmədova yazır: "1920-ci il yanvarın 11-də Antanta Ali Şurası tərəfindən Azərbaycanın müstqəilliyi de-fakto tanınanda, o xəbəri xarici işlər naziri statusunda Azərbaycan parlamentinə Fətəli xan bildirdi. Fərtəli xan bu xəbərin də çatdırılmasından xoşbəxtlik duyduğunu yazır". 

1920-ci ilin yanvar ayında bolşevik hökuməti Azərbaycana təklif etdi ki, Denikinə qarşı saziş bağlasınlar. Xarici işlər naziri Fətəli Xan Xoyski, bolşevik Rusiyasının xarici işlər üzrə xalq komissarı Çiçerinin notasına cavab olaraq yazdı ki, saziş bağlamağa hazırdır, amma bunun üçün gərək əvvəlcə Sovet hökuməti Azərbaycanın müstəqilliyini tanıya. Çiçerin bu təklifə cavab vermədi.

Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də ona cavabında biridir ki, biz mövqeyimizi dedik, razı olumurlarsa, Rusiyanın daxili işinə qarışa bilmərik.

1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunub. Martın axırında Çiçerin sonuncu notasını göndərib, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən işğalçı rusların Bakıya yaxınlaşdığı xəbəri alınlıb.

O dövrün sənədlərində yazılır ki, iclasda müzakirələr zamanı Xan Xoyski əlini stola vuraraq "Biz ruslara qarşı savaşmalıyıq, biz Azərbaycanın istiqlaliyyətini kiməsə verəsi deyilik". Sonra əsəbi halda ayağa duraraq Rəsulzadəyə "Biz bu istiqlaliyyəti elə belə əldə etməmişik, kiməsə verəsi deyilik" deyib.

Parlament üzvü, kommunistlərlə danışıq aparmaq üçün yaradılmış komissiyanın sədri Hacinski isə bunları eşitmirmiş kimi ayağa qalxaraq məlumat verib ki, axşam saat 7-yə kimi hakimiyyət kommunistlərə təhvil verilməlidir. Əgər onların şərti qəbul olunsa, bolşevik ordusu Bakıya daxil olmayacaq. Bütün məmurlar öz vəzifələrində qalacaqlar. Yalnız hökumət üzvləri dəyişdiriləcək və onların da yerini yalnız azərbaycanlılar, azərbaycanlı kommunistlər tutacaq. Parlamentdə təmsil olunan partiyalar öz fəaliyyətlərini davam etdirə bilərlər, onlara və hökumət üzvlərinə qarşı heç bir inzibati tədbir görülməyəcək. 

M.Ə.Rəsulzadə Xan Xoyskinin qəzəbini görərərək deyir: "Əfəndilər, mötəcazir bir ultimatum qarşısında qalmışıq. Burada təslimdən bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? Kimə tərki mövqe edirik? Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu əmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyənin xilası üçün gedir. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da, yenə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir”.

Xan Xoyski əsəblə Hacınskiyə dönüb yüksək səslə deyir "sən necə inana bilərsən bu ruslara" və iclası tərk edib evinə gedir. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə yollanıb.

Aprelin 28-də, sübhə yaxın işğalçı bolşevik ordusu Bakını tutmuşdu, onun arxasınca general Xəlil paşanın başçılığı ilə azərbaycanlılara bolşeviklərə müqavimət göstərməməyi təbliğ edən türk zabitləri gəlirdi. Bolşevik hissələri Bakını ələ keçirəndən dərhal sonra S.K.Orconikidze V.İ.Leninə məruzə etmişdi: "Türk əsgər və zabitləri inqilabın xeyrinə xeyli fəal rol oynadılar”.

Fətəli xan Xoyski səhərisi gün ailəsini götürüb Gürcüstana gedir. Onunla bərabər gedən Cümhuriyyətçilər hələ işğal olunmayan Tiflis şəhərində siyasi fəaliyyət göstərib, böyük dövlətlərə müraciətlər hazırlayaraq müstəqilliyi geri qaytarmaq üçün işlər görməyə başlayırlar. Lakin bir müddət sonra oradakı bolşeviklər tərəfindən təqib olunmağa başlanıb.
 
1920-ci il iyunun 19-da Xan Xoyski Xəlil bəy Xasməmmədovla Tiflisdə indiki Opera Teatrı binasının yanından keçərkən erməni terrorçuları Aram Yerkayan və Misaq Qriqoryan tərəfindən sui-qəsdə məruz qalır. Nəticədə Fətəli xan kürəyindən aldığı iki güllə yarasına görə dünyasını dəyişir, Xasməmmədov isə yaralanır.

Fətəli xan indiki Tiflis botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilib. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirib. M. F. Axundovun yanında dəfn edilib.

Böyük Üzeyir bəy Xan Xoyski haqqında yazır: "Taxta parçalarından yaranmış gəmini fırtınalı bir gündə elə idarə etmək lazım idi ki, dağa-daşa çarpmadan onu fırtına yatanadək salamat saxlaya biləsən... Bax, Fətəli xan Xoylu bu işi görə bildi" 

Ruhu şad olsun!

Zaur Aliyev, dosent

0