"Tik-Tok"da qanunsuz qızıl satanları neçə il cəza gözləyir?

HADİSƏ
15:54 / 29.08.2023
733

Sosial şəbəkədə "kreditə qızıl satılır" adı altında kibercinayət törədən dəstə üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci il təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər. Dəstə üzvləri izi itirmək məqsədi ilə "kreditə qızıl" almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.

Maraqlıdır, onları hansl cəza gözləyə bilər?

Hit.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, nternetdə bu formada satış Cinayət Məcəlləsinin 2 maddəsi ilə məsuliyyət yaradır:

"Bu, birincisi, Cinayət Məcəlləsinin 192-ci maddəsində göstərilən qanunsuz sahibkarlıqdır. Satışda aldatma varsa, bu da Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təsnif olunur. Əgər şəxs qızıl alveri ilə məşğuldursa və vergi ödəyicisi deyilsə, bu, "Qanunsuz sahibkarlıq" maddəsi ilə cinayətə cəlb olunur. Şəxs  üçün 192-ci maddənin 1-ci bəndinə əsasən, 6 aya qədər azadlıqdanməhrum etmə cəzası göstərilir. Satılan malın dövriyyəsi 50 minə qədərdirsə, 1-ci hissə ilə təsnif olunur, 6 aya qədər azadlıqdan məhrum edilir. Ya da dəyən zərərin 2 mislinə qədər cərimə yazıla bilər. Külli miqdarda ziyan dəydikdə isə, həm cərimə yazılır, həm 1 ildən 5 ilə qədər azadlıqdan məhrum edilir. Əgər dəyən zərər 500 mindən yuxarıdırsa, 5 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası verilir. 

Yox, əgər burada şəxs dələduzluq ittihamı ilə saxlanılırsa, vurulan zərərin miqdarından asılı olaraq, həmin cinayətkarları 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Külli miqdarda zərər varsa, 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilir. İnanmıram, bu kibercinayətkarlıq kimi təsnif olunsun. Kibercinayətkarlıq odur ki, kiminsə komputer hesablarına müdaxilə edilir. Burada isə daha çox dələduzluğun olduğunu güman edirəm".

Aynur Əli

0