Polşa, Litva, Latviya və Estoniya Daxili İşlər nazirliklərinin rəhbərləri Belarusa ultimatum verib.
Onlar Minskdən “Vaqner” qrupunun dərhal Belarus ərazisini tərk etməsini tələb edib.
Bu barədə Polşa daxili işlər və administrasiya naziri Mariuş Kaminski Litva, Latviya və Estoniya Daxili İşlər Nazirləri ilə görüşdən sonra bildirib.
Maraqlıdır, digər ölkələrdən də "Vaqner"in çıxarılması tələb oluna bilərmi?
Hit.az-a açıqlamasında politoloq Elşən Manafov bildirib ki, bu, Polşa tərəfindən müstəqil Belarusiyanın daxili işlərinə müdaxilədən başqa bir şey deyil:
"Adı çəkilən ölkələrin birgə bəyanatında "Vaqner"in bu ölkələrin ərazi bötövlüyü üçün təhlükə təşkil etməsi ilə bağlı bəyanat verilib. Bu, əlbəttə, Polşa tərəfindən müstəqil Belarusiyanın daxili işlərinə müdaxilədən başqa bir şey deyil. Belə ki, adı çəkilən hərbi qruplaşmanın Belarusiya ərazisində yerləşdirilməsi ilə bağlı Rusiya və Belarusiya hökumətləri arasında razılıq əldə edilib. "Vaqner" Belarusiya Ədliyyə Nazirliyində bu ölkənin xususi təyinatlılarına hərbi təlim məşqləri keçən özəl, hərbi təhsil müəssisəsi kimi qeydiyyatdan keçib. Təlim məşqləri ictimai əsaslarla keçirilir, "Vaqner"in maliyyə xərcləri isə Rusiya Federasiyasının üzərinə düşür.
Bu ölkələrin Belarusiya ilə sərhədində Avropaya köçmək istəyən insanların toparlanması isə "Vaqner"lə bağlı deyil. Bu, daha çox Belarusiyada rəngli inqilabı həyata keçirmək üçün Qərbdən maliyyə dəstəyi alan QHT-lərin belarusiyalı gənclər arasında apardığı pozuculuq və təbliğat işi ilə bağlıdır. Bu gənclərə şirin və cəlbedici vədlər verən QHT-lər hazırda dövlətlərin sərhədlərində miqrasiya ilə bağlı yaşanan gərginliyə görə bilavasitə məsuliyyət daşıdıqlarını etiraf etmək istəmirlər. Əslində isə bütün bunlar Qərb alyansının Belarusiyaya təzyiq və təhdidindən başqa bir şey deyil. Məhz Belarusiyanı Rusiya ilə ittifaqdan çəkindirmək, onu Rusiyaya məxsus hərbi baza və strateji raket silahlarını öz ərazisindən çıxarmağa razı salmaqdan ibarətdir. Qərbdə Belarusiyanın Rusiya ilə ittifaqdan uzaqlaşacağı təqdirdə Ukraynada yaşanan müharibədə Rusiyanın məğlub olacağını düşünənlər az deyil".
Aynur Əli