Bakıda bu ərazilərdə 6-9 ballıq zəlzələ ola bilər - “Elmlər Akademiyası”, Bayıl qəsəbəsi...

HADİSƏ
23:59 / 29.08.2023
722

Son zamanlar bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da müxtəlif maqnitudalı zəlzələlərin sayı artıb. Yeraltı təkanların gücü yüksək həddə çatmasa da, müxtəlif regionların sakinləri kiçik təkanlar hiss ediblər. Bundan əlavə, internetdə vətəndaşların qorxuları üzərində spekulyasiyalar aparılır, ölkədə dağıdıcı zəlzələlərin başvermə ehtimalı ilə bağlı şayiələr yayılır.

Bununla əlaqədar olaraq Media.az Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin struktur bölməsinin müdiri Qulam Babayevdən müsahibə götürüb. Alim söhbətində Azərbaycanda güclü zəlzələlərin başvermə ehtimalı, aktiv zonalar və s. barədə danışıb.

- Azərbaycanda son vaxtlar müşahidə olunan seysmik aktivliyin səbəbi nədir?

- Ölkəmiz seysmik aktiv regionda - Ərəbistan və Avrasiya plitələrinin toqquşması zonasında yerləşir. Hazırda biz seysmik hadisələrin aktiv dövriliyi, elmi dillə desək, seysmotektonik dövrilik intervalındayıq. Ona görə də ümumilikdə bütün region indi aktivləşmə dövründədir və buna uyğun olaraq biz bütün regionda, o cümlədən Azərbaycanda seysmik aktivliyi müşahidə edirik.

- Bakı şəhərinin seysmik cəhətdən ən təhlükəli zonaları haradır?

- Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükə şöbəsində digər alimlərlə birlikdə Abşeron yarımadasının və Bakı şəhərinin seysmik təhlükəsinin qiymətləndirilməsi aparılıb.

Dərhal qeyd edim ki, yarımada və Azərbaycan paytaxtı Xəzər ocaqlarından - şimaldan, dənizin mərkəzindən keçərək cənuba, eləcə də şəhər və Abşeron üçün potensial təhlükə olan Şamaxı-İsmayıllı seysmik aktiv mənbələrindən seysmik təhlükəyə məruz qalır.

Qiymətləndirmə həm empirik üsullarla (müşahidə və ya eksperiment nəticəsində əldə edilən məlumatlar - red.), həm də ölçmə vasitələrinin köməyi ilə, müxtəlif beynəlxalq metodlardan istifadə etməklə aparılıb.

Qeyd edim ki, Bakıda təhlükəli nöqtələr var, onların arasında 6-9 ballıq zonalar var. Bunlar Yasamal rayonunun bəzi hissələri, o cümlədən metronun “Elmlər Akademiyası” stansiyasının ərazisi, eləcə də sahil zolağının əksər hissəsi, o cümlədən Bayıl qəsəbəsidir.

- Bəs ölkəmizin hansı regionları bu baxımdan daha təhlükəlidir?

- Azərbaycanda bir sıra seysmik aktiv zonalar var: Şamaxı-İsmayıllı, Quba-Şabran, Talış zonası və Naxçıvan. Kür çökəkliyi ən az təhlükəli zonadır, lakin onunla Böyük Qafqazın Azərbaycan hissəsi arasında olan sərhəddə kiçik aktivlik var. Zaqatala, Qax, Oğuz, Şəkinin də daxil olduğu zolağın seysmik ocaqları var. Bundan başqa, Kiçik Qafqaz, Gəncə və Qarabağ seysmik aktiv zonalardır.

Şuşa zonasından, Hadrutdakı ocağa gəlincə, təbii ki, 30 illik işğal zamanı bu ərazi alimlərimiz tərəfindən öyrənilməyib. Amma indi Qarabağ seysmoloqların tədqiqat obyektinə çevriləcək və burada təbii fəlakətlərin risklərinin qiymətləndirilməsi işi bərpa olunacaq.

Yekun olaraq deyə bilərəm ki, ölkənin ən seysmik aktiv zonaları Şamaxı-İsmayılı, Zaqatala, Şəki və Oğuzdur.

0