"Bu gün Fransa sözün əsl mənasında siyasi əxlaqsızlıq nümayiş etdirir".
Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib.
O bildirib ki, rəsmi Paris Azərbaycanın suveren ərazilərini heç bir halda tanımaq istəmir:
"Fransa xüsusilə erməni separatçılarına dəstək verir və Azərbaycana qarşı istənilən məsələyə qarşı çıxır. Həmçinin, rəsmi Paris bu məsələləri erməni diasporası ilə koordinasiyalı şəkildə BMT-nin iclasına çıxarır. Bir çox qlobal güclər Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi halda, Fransa tamamilə əks mövqe sərgiləyir və Azərbaycan TIR-larının Xankəndinə un daşımasını qəribə aqressiya ilə qarşılayır. Axı Fransa kimdir ki, Azərbaycanın daxili işlərinə qarışır?".
Politoloq vurğulayıb ki, əslində Ukrayna müharibəsində Rusiyanın zəifləməsi və bölgədən çıxma ehtimallarının güclənməsi fonunda Fransanın hərəkətə keçməsi təsadüfi deyil:
"O, Cənubi Qafqaza sirayət etmək və bu bölgədə öz varlığını qəbul etdirmək üçün hər şeyi edir. Lakin unutduqları bir şey var. Artıq Cənubi Qafqazda regional gücdən qlobal gücə çevrilən qardaş Türkiyə amilinin olduğunu nəzərə alınmalıdır. Fransanın bura ayaq açması və möhkəmlənməsi heç bir məntiqə sığmır. Hətta onlar bölgəyə girsə belə, Azərbaycanın sərhədləri daxilində heç bir zaman Fransaya və ona bağlı ordu, qoşun ola bilməz. Bu, qətiyyən mümkün deyil".
Ekspert qeyd edib ki, rəsmi Paris bu əməllərindən imtina etməlidir:
"Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərini normallaşdırmaq Fransa üçün prioritet olmalıdır. Çünki bu, onların milli maraqlarına cavab verir. Lakin tamam əks mövqe sərgiləyirlər. Bütünlüklə demoqrafik böhran içərisində olan və perspektivi olmayan Ermənistanla münasibətləri dərinləşdirmək, bununla da Cənubi Qafqaza gəlmək istəyirlər. Lakin bu, tamamilə yanlış addımdır".
Pərviz