Büdcəyə qənaət üçün: "Digər dövlət şirkətləri də özəlləşdirilməlidir"

İQTİSADİYYAT
14:41 / 01.09.2023
646

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sərəncam, dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə qərara alınıb.

Maraqlıdır, bunun hansı iqtisadi təsirləri olacaq?

İqtisadçı ekspert Eyyub Kərimli Hit.az-a açıqlamasında bildirib ki, özəlləşdirməyə çıxarılması həmin şirkətlərin rentabelliyini geniş formada artıracaq:

332961

"Hazırda ölkə Prezidenti tərəfindən özəlləşdirməsi nəzərdə tutulan 8 dövlət şirkəti kifayət qədər böyük və həcmli şirkətlərdir. Sözsüz ki, bunların xarici investorlar cəlb olunaraq özəlləşdirməyə çıxarılması həmin şirkətlərin rentabelliyini geniş formada artıracaq. Bu da gələcəkdə həmin şirkətlərin inkişafına böyük təsir göstərəcək, həm də idarəçiliyin şəffaflaşdırılmasına və menecmentin daha da səmərəliləşdirməsinə öz tövhələrini verəcək. Bu cür dövlət şirkətlərinin özəlləşdirilməsi gələcəkdə həm də yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən, həmin şirkətlərdə neqativ hallarının qarşısının alınması prosesi başlayacaq".

Ekspertin sözlərinə görə, bu özəlləşdirmə sayəsində xarici investorlar bura əlavə vəsait cəlb edəcək:

"Həmin şirkətlərin fəaliyyəti daha çox büdcə vəsaiti hesabına keçirilirdi və özəlləşdirmə büdcədən onlara ayrılan vəsaitin azalmasına, onların özünün maliyyələşdirməsinə şərait yaradacaq. Digər tərəfdən xarici investorların həmin şirkətlərin idarəçiliyinə cəlb edilməsi  ölkədə xarici investisiya mühitinin daha da cəllbedici olması, xarici şirkətlərin ölkəyə investisiya qoymaq imkanlarına müsbət təsir göstərəcək. Həmçinin, bu özəlləşdirmə şirkətlərin keyfiyyətcə yeni texnologiyalar tətbiq etməsində, müasir dövrün tələblərinə cavab verməsində əhəmiyyətli rol oynayacaq. Xarici investorlar bura əlavə vəsait cəlb edəcək. Rentabeliliyi və rəqabət qabiliyyətinin artırılması üçün müasir texnologiyanın tətbiqini həll edəcəklər. Bu baxımdan həmin şirkətlərin gələcəkdə böyüməsinə də özəlləşdirmə müsbət təsir göstərəcək".

E.Kərimli deyib ki, özəlləşdirmə digər dövlət şirkətlərinə də tətbiq edilməlidir:

"Hesab edirəm ki,  bu formada özəlləşdirmə digər dövlət şirkətlərinə də tətbiq edilməlidir. Çünki idarəetmənin yaxşılaşdırılması və rentabelli çalışmasına geniş imkanlar yaradır. İllərdir müşahidə edirik ki, dövlət şirkətləri hər il dövrü zərərlə başa vurur. Bu da büdcədən əlavə vəsaitiin ödənilməsi ilə nəticələnirdi. Bu baxımdan özəlləşdirmə gələcək üçün büdcə vəsaitlərinə qənaət edilməsinə əhəmiyyətli təsir edəcək".

Aynur Əli

0