Xankədidəki qondarma qurum ləğv olunur? - RƏY 

SİYASƏT
12:15 / 04.09.2023
798

"Xankəndidəki qondarma cinayətkar rejimin tör-töküntüləri artıq öz aralarında müharibə aparırlar".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında deyib.

O xatırladıb ki, separatçılar İkinci Qarabağ müharibəsinə qədər orada yaşayan ermənilərə utopik vədlər verir və əsassız xəyallar arzulayırdılar:

"İkinci Qarabağ müharibəsinin reallaşdırdığı əsas məqamlardan biri də ondan ibarət oldu ki, Xankəndidəki rejimin qanunsuz olduğunu bütün dünya bir daha gördü. Həmçinin, Vətən müharibəsindən sonra onlar yenə də həmin ərazilərdə minaların basdırılması, silahların daşınması və mövqelərin gücləndirilməsi proseslərini həyata keçirirdilər. Çünki divin canı şüşədə olduğu kimi onların da canı Laçın və digər qanunsuz alternativ yollarda idi. Lakin Azərbaycan tərəfi özünün sonuncu nəzarət-buraxılış məntəqəsini Laçında istifadəyə verdikdən sonra sərhədçilərimiz, gömrükçülərimiz və digər hüquq-mühafizə orqanlarımız həmin ərazilərdə nəzarəti tam şəkildə həyata keçirdilər.

Artıq nəinki insan, hətta bir quş belə Azərbaycanın müvafiq qurumlarının nəzarəti olmadan nə bizim tərəfə, nə də buradan Ermənistana keçə bilmir. Təbii ki, bu da onların mənfur planlarının pozulmasına və sona yetməsinə gətirib çıxardı. İndi həmin ərazilərdən humanitar məqsədlər üçün istifadə edilməsi əlbəttə ki, onların işlərinə yaramır".

333098

Ekspert diqqətə çatdırıb ki, bu gün ermənipərəst Fransa kimi dövlətlər və bir sıra təşkilatlar Azərbaycana beynəlxalq hüquqdan kənar, qanunsuz təsirlər və təzyiqlər etməyə çalışırlar:

"Amma bütün bunlara baxmayaraq, Azərbaycan özünün haqlı mövqeyindən bir addım belə olsun geriyə çəkilmir. Təbii ki, bu bizim prinsipial və qətiyyətli mövqeyimiz, "qırmızı xətt"imiz deməkdir. Biz bir daha həmin qüvvələrin diqqətinə çatdırırıq ki, Azərbaycan öz ərazisində hansısa "boz zona"nın olmasına imkan verməyəcək. Bu gün onlar müvəqqəti olaraq həmin ərazilərdə olsalar da, 10 noyabr 2020-ci il Bəyanatı, habelə digər bəyanatların və Brüssel platformasında keçirilmiş 6 görüşdə əldə edilmiş razılaşmalara görə həmin qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərini tərk etməlidirlər. Bu gün həm beynəlxalq hüquq və Azərbaycanın daxili qanunvericiliyi, həm də üçtərəfli Bəyanatlar və əldə edilmiş razılaşmlara əsasən bizim haqqımız var ki, həmin qanunsuz rejimin ölkəmizdən çıxarılması istiqamətində addımlar ataq. Səbr etməyimizin əsas səbəbi prosesin itkisiz və qarşıdurmasız həyata keçirilməsinə hesablanıb. Amma bu şəkildə davam edəcəksə, Azərbaycanın həmin qüvvələri də növbəti 30 il gözləməyə səbri olmayacaq".

Həmsöhbətimiz İkinci Qarabağ müharibəsindən sonra baş verən təxribatlar və o təxribatlara Azərbaycanın verdiyi layiqli cavabların məntiqi ardıcılığından da söz açıb:

"Bütün bunlara nəzər yetirsək görərik ki, ermənilərin hər təxribatı, məkrli və hiyləgər addımı Azərbaycanın sülh, eləcə də özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində bir uğurlu addımı ilə nəticələnir. Biz qısa zaman ərzində itkisiz və hansısa zərərə uğramadan prosesin reallaşmasını istəyirik. Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini tanımasını və bunun fonunda sülh sazişinin imzalanmasına çalışırıq. Əlbəttə ki, İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi qarşı tərəf rəsmi Bakının səbr kasasını daşdıracaqsa, bunu güc yolu ilə genişmiqyaslı antiterror əməliyyatları həyata keçirərək reallaşdıracağıq. Əgər qaçılmaz olsa, bunu etmək məcburiyyətində qalacağıq".

Xəyal Bəşirli vurğulayıb ki, Xankəndidəki qondarma rejimin sonu çatıb:

"Artıq görürük ki, qondarma rejimdə "istefa"lar yaşanır. Həmçinin, onlar Xankəndidən öz ailə üzvlərini çıxarırlar. Bunu nə qədər gizli şəkildə etməyə çalışsalar da, Azərbaycanın müvafiq qurumlarının nəzarətindən kənar həyata keçirə bilmirlər. Əgər oradakı cinayət rejimə rəhbərlik etmiş şəxslər öz ailə üzvlərini bölgədən çıxarmağa cəhd göstərirlərsə, deməli Xankəndi yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, onların müqəddəratı həmin cinayətkar ünsürləri narahat etmir. İlk öncə bunu nəzərə almalı olan tərəf oradakı mülki insanlardır. Unutmasınlar ki, rəsmi Bakı onlara Azərbaycan vətəndaşı olmaq şansı yaradıb. Azərbaycanın onlara tanıdığı şansa bu gün belə cavab verirlərsə və illərlə onları əsarət altında saxlamış separatçıların öz ailələrinin təhlükəsizliyinin qayğısına qalmağa çalışdıqlarını görmürlərsə bu, bizim deyil, orada yaşayan insanların problemləridir. 

Onlar üçün ən düzgün çıxış yolu, cinayətkar ünsürlərin atdığı addımlara baxıb rəsmi Bakının dialoq çağırışlarına müsbət cavab vermək və Azərbaycan cəmiyyətinə reinteqrasiya olmağa razılıq verməkdir. Əks təqdirdə, cinayətkar ünsürlər onları öz məkrli oyunlarını alətinə çevirməyə davam edəcəklər. Bu da gələcəkdə onların təhlükəsizlik tədbirlərinin məhz o cinayətkar ünsürlər tərəfindən pozulmasına gətirib çıxaracaq.

Ona görə də düşünürəm ki, o cinayətkar rejimin ömürünə çox qısa müddət qalıb. Bizi maraqlandıran əsas məqam oradakı mülki insanlardır. Azərbaycanın bütün istiqamətlərdə səfərbər olunmasının əsas amalı həmin mülki insanların cəmiyyətimizə reinteqrasiya prosesini həyata keçirməkdir. Eyni zamanda, məqsədimiz bu yolla ərazi bütövlüyümüzü təmin etmək və cinayətkar ünsürlərin ərazilərimizdən tam şəkildə çıxarılmasına nail olmaqdır".

Pərviz

1