Kirayə evlərin qiymətində artım var: Tələbələr mənzil tapmaqda çətinlik çəkir

İQTİSADİYYAT
16:13 / 04.09.2023
867

"Daşınmaz əmlak bazarında əmlakların satış qiymətində artım müşahidə olunur".

Bu sözləri Hit.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert  Elnur Fərzəliyev deyib. O bildirib ki, daşınmaz əmlakların satış qiymətində artımlar baş verdikcə bu, kirayə qiymətlərinə də öz təsirini göstərir:

"Hazırda kirayə mənzillərin qiymətlərində ciddi artım müşahidə olunur. Sökülən hər köhnə yaşayış binasının yerində yeni tikililər tikilir, burada isə həm kirayə qiymətləri, həm mənzil qiymətləri köhnədəkilərdən daha baha qiymətə təklif olunur. O baxımdan artıq kirayə mənzil bazarında ucuz mənzil tapmaq əlçatan deyil. Vətəndaş 3-4 il öncə beş mərtəbəli binalarda 1 otaqlı mənzili 200-300 manata kirayəyə götürürdüsə, hazırda bu rəqəm 350-450 arası dəyişir. Otaq sayı artdıqca qiymətlərdə artım müşahidə olunur. Yeni tikili binalarda isə qiymətlər daha bahadır. Köhnə yaşayış binaları sökülüb sıradan çıxdıqca kirayə mənzil bazarında artımlar daha da yüksək həddə olacaq".

O bildirib ki, bu qiymət artımından daha çox əziyyət çəkən isə tələbələrdir:

"Tələbələr münasib qiymətə kirayə tapmadığı üçün Bakıdan kənar ərazilərə üz tuturlar. Bu da yol xərcləri və məsafə problemləri yaradır.  Bu problemlərin həlli üçün tələbə yataqxanaları yenidən bərpa olunmalıdır. Köhnə tələbə yataqxanaları sökülüb yerində yeni yataqxanalar inşa olunarsa, həm kirayə mənzil bazarında qiymətlərin enməsinə gətirib çıxarar, həm də tələbələrin yaşayış vəziyyətlərini yaxşılaşdırar".

Aynur Əli

0