Qalib Salahzadənin səhhətində problem yaranıb? - AÇIQLAMA

ÖLKƏ
20:10 / 05.09.2023
344

“Səhhətimdə heç bir problemim, xəstəliyim yoxdur. Allah göstərməsin. Bu xəbərləri kimin, hətta kimlərin yaydığını da, kimin təşkil etdiyini də bilirəm. Adam gərək danışanda, sözünü deyəndə əlində əsası, sübutu olsun. İt hürər, karvan keçər. Belə şeyləri vecinizə almayın. Jurnalistlər nəyisə düz yazmayanda, səhv yazanda hamısı jurnalistlərin üstünə tökülüşür. Halbuki jurnalistlərin etdiyi cüzi bir səhvdir. Şişirirlər. Bundan böyük haqq-hesablar var. Məsələn, hansısa hakim 6 ay sonra pensiyaya çıxacaqsa, gedib indidən özü üçün hüquq bürosu təşkil edir. Hamısı belədir. Oyun çıxarırlar. Yetim jurnalistlərin kağız-qələmdən başqa nəyləri var? Mən sözün düzünü danışıram. Bunlar böyük qrupdurlar. Bir dəstəsi vəkillərdir, bir dəstəsi keçmiş hakimlər, keçmiş polis işçiləri... Nə qədər istəsəniz, saya bilərəm. Hamısını tanıyıram”. 

Bu sözləri Pravda.az-a sabiq deputat Qalib Salahzadə vəziyyətinin ağır olması, yatağa düşməsi, hərəkət edə, nəfəs ala bilməməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

O, yayı harada istirahət etməsindən də danışıb: “Yay tətilini Bilgəhdə dincəlmişəm. Həmişə bu sözü deyirəm ki, Türkiyədə də, digər xarici ölkələrdə də dəniz var, Bilgəhdə də. Mənim üçün Bilgəh dənizi, sahili dünyanın ən gözəl yeridir. Heç vaxt həvəsim olmayıb ki, xaricə gedib istirahət edəm. Allah cavanlara uzun ömür, cansağlığı versin, gedib gəzsinlər. Mənim 70 yaşım var. Elə bu dəqiqə də dəniz kənarına gedirəm...” 

Q.Salahzadə son zamanlar mətbuatda görünməməsinə isə belə cavab verib: “Rəhmətlik dostum var idi, hörmətli adam idi. İndi adını çəkmirəm, deyərlər ki, yaltaqlıq edir. O vaxtlar mobil telefon yox idi. Şəhərə gedəndə ona zəng edirdim. Soruşurdu ki, ay Qalib, bir-iki aydır ki, yoxsan. Ona deyirdim “elə ki gördün səsim gəlmir, bil ki, vəziyyətim yaxşıdır””.

0