Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçmentlə bağlı hakim "Gürcü Arzusu" Partiyası imzatoplama kampaniyasına başlayıb.
Maraqlıdır ki, Gürcüstan Prezidenti Salome Zurabişvili impiçmentlə hakimiyyətdən uzaqlaşdırıla bilər?
Politoloq Elşən Manafov Hit.az-a açıqlamasında deyib ki, Gürcüstan hökumətinin Zurabişvilini impiçmentlə hədələməsi qanunvericilik çərçivəsindədir:
"Gürcüstan qanunvericiliyinə görə, prezidentin impiçment yolu ilə hakimiyyətdən kənarlaşdırılması üçün Gürcüstan parlamentində ən azı, 100 deputatın dəstəyi lazımdır. Hazırda Gürcüstanda çoxluğu təmsil edən hakim partiyanın 84 deputatı var. Bu baxımdan, 16 səsin çatmayacağını görürük. Bu konteksdə "Gürcü Arzusu" partiyasının və Gürcüstan hökumətinin parlament üsulundan istifadə edərək prezidenti impiçmentlə göndərməsi qanunvericilik baxımından mümkün deyil. Açığı desək, bu, Gürcüstan hökuməti və hakim partiya üçün hələ siyasi piar təsiri bağışlayır. Bu Zurabişvili üçün hakim partiya və iqtidar tərəfindən bir siqnalıdır ki, onunla münasibətləri daha radikal müstəvi üzərinə gətirə bilər. Amma qanunvericilik çərçivəsində, indiki reallıq şəraitində Gürcüstanda hakim partiyanın prezidenti impiçmentlə göndərmək imkanı yoxdur".
Qeyd edək ki, S. Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədi ilə Avropaya səfəri edib. Gürcüstan hökuməti isə ona bu səfəri rəsmi şəkildə rədd edib.
Aynur Əli