Prezidentlərin yemək menyuları - nə yeyib, nə içirlər?

MARAQLI
21:21 / 06.09.2023
634

Ötən gün Soçidə görüşən Türkiyə və Rusiya liderləri - Putinlə Ərdoğanın nahar menyusu məlum olub. Rusiya və Türkiyə prezidentlərinin sentyabrın 4-də Soçidə işgüzar nahar zamanı nə yedikləri məlum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, “Kreml pulu” teleqram kanalı liderlərin nahar menyusunda təqdim olunan yemək və içkilər barədə paylaşım edib. Belə ki, liderlərin nahar menyusunda hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat soslu qırmızı kefal balığı, mal ətli xarço supu, göbələk soslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası olub. Desert kimi isə Putin və Ərdoğana “quş südü” (ptiçye moloko) təqdim olunub.

Bu, prezidentlərin qidalanmasından bir epizoddur. Bu menyuda daha çox dəniz məhsulları yer alır. Bəs ümumiyyətlə, dünya liderləri nə yeyir, nə içir? Onların qidalanmasında hansı məhsullar daha çox yer alır? Menyu prezidentlərin ağız dadına, istəyinə görədir, yoxsa bununla bağlı standartlar var?

Siyasi liderlərin menyusu nadir hallarda açıqlanır. Liderlərin şəxsi həyatı ilə bağlı informasiyaların geniş yayılmamasına çalışılır. Dövlət başçıları, krallar nə ilə qidalanırlar, nə yeyib, nə içirlər sualına ancaq onların öz etiraflarından cavablar tapmaq olar.

Məsələn, Şimali Koreyanın keçmiş lideri Kim Çen In pendirə sevgisi ilə tanınırdı. Onun aşpazının sözlərinə görə, Kim Çen In köpək balığı üzgəcindən olan yeməkləri də çox sevib. 2001-ci ildə Şimali Koreyadan Yaponiyaya qaçan aşpaz ölkə liderinin hələ 14 yaşında araq içdiyini demişdi.

ABŞ-ın sabiq prezidenti Barak Obama amerikalıların əksəriyyəti kimi fast-fooda üstünlük verdiyini açıqlamışdı. Hətta 2010-cu ildə o, o zaman Rusiya prezidenti olan Dmitri Medvedyevi də fast-food restoranına dəvət etmişdi. Prezidentlər salat, fast-food və kartof qızartması sifariş etmişdilər. ABŞ prezidenti pivənin də əleyhinə deyil. Obama hələ 2008-ci ildə senator olanda “The New York Times” onun sevdiyi və sevmədiyi yeməklərin siyahısını dərc etmişdi. Məlum  olmuşdu ki, Obama qovrulmuş badam, fıstıq, fındıq, südlü şokolad və tərəvəzləri sevir. Mayonez, cips, qulançarı ağzına belə almır. Limonad və spirtsiz içkiləri içmir, çaya və suya üstünlük verir. Obamanın həyat yoldaşı Mişel Obama isə sağlam qidalanmanın tərəfdarı kimi tanınırdı. Belə ki, o, Ağ Evin həyətində bostan salmış, 700 kq-a yaxın məhsul toplamışdı.

Rusiya prezidentinin yemək zövqü haqqında az şey bilinir. Prezidentin özü bir dəfə yemək məsələsində vasvası olmadığını demişdi: “Əgər ətlə balıq arasında seçim olsa, mən balığı seçərəm. Qoyun ətinə üstünlük verirəm. Dondurmanı nəzərə almasaq, şirniyyata qarşı laqeydəm. Harasa gedəndə yerli mətbəxi məmnuniyyətlə dadıram. Yaşıl çaya öyrəşmişəm”.

2012-ci ildə Putin yerli jurnalistlərlə səhər yeməyi yemişdi. O zaman bəlli olub ki, Rusiyanın dövlət başçısı səhərlər sıyıq, ballı kəsmik yeyir, bildirçin yumurtası içir. Bundan başqa, Putin xüsusi reseptlə hazırlanmış kokteyl içir.  2003-cü ildə Kalininqrada səfəri zamanı qırmızı kürülü qutab, hisə verilmiş ilanbalığı, çiyələkli blin, 2008-ci ildə Tatarıstanda salat, toyuq supu, düyü ilə mal əti, pirojna, 2013-cü ildə kubanlı kombaynerlə birgə borş sifariş etmişdi. 2010-cu ildə Kremlin baş aşpazı Anatoli Qalkin Putinin içkilərdən şərab və pivəyə üstünlük verdiyini deyib.

Rusiyanın ilk prezidenti, mərhum Boris Yeltsin spirtli içkilərə xüsusi marağını da, kulinar maraqlarını da gizlətmirdi. O, əti, xüsusilə quş ətini, vəhşi qaban və maral ətini sevib. Qara kürüdən olan pelemen prezident ailəsinin çox xoşuna gəlirdi. Boris Yeltsin dana ətindən olan fıstıqlı kolbasanı çox bəyənib. Lakin səfərlərdə ona təklif edilən ekzotik yeməklərdən imtina edib. İçki qismində isə o, sərt işçilərə - araq və ya keyfiyyətli konyaka üstünlük verib.

Belaus prezidenti Aleksand Lukaşenko sadə mətbəxin həvəskarı kimi tanınır. “Ətdənsə balığa, ağdansa qara çörəyə üstünlük verirəm. Menyuya mütləq meyvə, şirələr daxil olmalıdır. Şirniyyat və dondurmanı da çox sevirəm. Amma özünə məhdudiyyət qoymalı olursan. Bir pirojna yedin - 3-4 km rolik və ya xizək sür”.

Prezidentin qayınanası Yelena Jelneroviç səfərləri zamanı kürəkəninə blin, süd şorbaları, yumurta verir. Onun sözlərinə görə, illər ərzində Lukaşenkonun seçimi demək olar ki, dəyişməyib.

Böyük Britaniya kraliçası 2-ci Yelizaveta krivetka və dəniz məhsullarını sevməyib. Amma ənənəvi Britaniya mətbəxinə münasibəti yaxşıdır. Xüsusilə günə başladığı yulaf yarmasına. Keçmiş kral aşpazı Mark Flanaqan kraliçanın kartofu çox sevdiyini deyir. Bəzən yuxudan öncə çaxır içir. Sərt içkilərdən cinə üstünlük verir.

Fransanın sabiq prezidenti Nikola Sarkozinin sevimli yeməkləri makaron və ənginar, qara trüfel olub. Sarkozi yeməklə çaxır içməyi xoşlayır. Pendiri isə heç sevmir. Almaniya sabiq kansleri Angela Merkel yemək hazırlamağı da, yeməyi də xoşlayır. Merkel xüsusilə kartof şorbası, balıq yeməkləri və şnisel (kotletə oxşar xörək) xoşlayır. Miladda isə o ənənəvi olaraq kartof salat və qaz qızardır.  Kanslerin sevimli məhsulları siyahısında kələmli donuz kolbasası da var. Merkelin şəxsi aşpazının sözlərinə görə, o, pendiri çox sevir və siyasətçilərin çoxu kimi çaxır içir. Amma bəzən bir bokal pivədən də yan keçə bilmir.

Dünya Kulinariya Mədəniyyəti Ustası, kulinariya üzrə elmi tədqiqatlar aparan, Azərbaycan milli mətbəxinin toplanması, tədqiqatı və təbliğatı ilə məşğul olan Tahir Əmiraslanov “Yeni Müsavat”a deyib ki, 1-ci şəxslərin mətbəxi geniş ictimaiyyət üçün əsasən sirr olaraq saxlanılır: “Sovetlər dönəmində "Osobıy osobnyak" vardı, 1-ci şəxslər üçün, xüsusi qonaqlar üçün orada yeməklər bişirilirdi. Məsələn, Fransa prezidentinin səfərindən əvvəl onun aşpazı, mühafizəçiləri “Osobıy osobnyak”a gəlirdilər, orada menyuda nə olar, nə olmaz, nə yeyiləcək, nə içiləcək tam şəkildə aydınlaşdırılırdı. Yemək süfrəsi açılacaq restoran əvvəlcədən müəyyən edilirdi, o zaman Dövlət Təhlükəsizliyi Xidməti həmin restoranı nəzarətə götürürdü. Səfər başlananda tərəflərin aşbazları əvvəlcədən müəyyən edilən menyullara əsasən hazırladıqları yeyəcəkləri, içəcəkləri süfrəyə verirdilər. Brejnevin, Xruşovun, Fransua Mitteranın dietoloqu menyu hazırlanarkən əsas söz sahibi olurdu. Rəsmi qəbullarda süfrəyə qoyulan yeməklərin növbənövlüyü olsa da,  bu, sadəcə, görüntü üçündür. Əsasən isə yemək menyuları əvvəldən hazırlanır".

Tahir Əmiraslanov deyir ki,  liderlərin yemək menyuları özlərinin ağız dadına uyğun olsa da, həkim-dietoloqların da rəylərinə önəm verilir: “Qidaların hazırlandığı ərzaqlar da xüsusi diqqətlə yoxlanılır, analizlər götürülür. Qida rasionu iş rejimi, yaş, mövsüm və bir çox başqa amillərə görə müəyyən edilir. Mümkündür ki, adamın yaxşı iştahı var, amma bəzi yeməklər ona zərərdir, olmaz. Bu halda zərərin minimuma endirilməsi üçün yollar axtarılır. Mühafizə xidmətinin işi ilə aşpazın işi arasında müəyyən oxşarlıqlar var. Məsələn, mühafizə xidməti deyirsə ki, bu yol o qədər də etibarlı deyil, yolun dəyişdirilməsi üçün addımlar atılır. Meşənin içindən keçən yoldursa, təhlükəli ola biləcək ağaclar kəsilir, təhlükəli ərazilər tam nəzarətə götürülür. Aşpaz da elə yemək hazırlamalıdır ki, şəxsin mədə-bağırsağında narahatlıq olmasın. Birincilərin qidalanması sistemi çox ciddi bir sistemdir, ümumi yanaşmalar isə sadaladıqlarımdır”.

Tahir Əmiraslanov deyir ki, qidalanmada 100-dən çox faktor var: “100 faktorun 100-ü də nəzərə alınmasa da, əsaslar mütləq şəkildə nəzərə alınır. Prezidentlərin menyusu bədəninin statusundan asılıdır. Prezidentin yaşı, iş qrafiki, iş gərginliyi, idmanla məşğuliyyəti, xəstəliyi varsa, xəstəliyi və digər faktorlar nəzərə alınır. Qidalanma qrafiki də əsasən istəyinə uyğun qurulur”.

Tahir Əmiraslanov içki məsələsinə də toxunub: “Məsələn, 2-ci Nikolay konyakı heç sevmirmiş. Amma ortada bir biznes məsələsi olub və fransızların yanında rus konyakını brend etmək üçün ona konyak təqdim olunub. Konyakdan bir damcı içəndən sonra limondan bir dilim götürüb ağzına vurdu ki, konyakın dadını ağzından itirsin. Amma nə oldu, bundan sonra hamı konyakdan sonra limon istifadə etməyə başladı. Əslində isə konyakın dadı ağızda qalmalıdır. Halbuki 2-ci Nikolay sevmədiyi içki olan konyakı sırf biznes marağına görə bu şəkildə içmişdi.

Stalinin dövründə İtaliyada hazırlanan bir pendirin istehsalını sovetlərdən təşkil etmişdilər. Həmin pendirin özəlliyi budur ki, içində xırda qurd salır və elə bu qurdlarla birgə yeyilir. Həmin pendir Mərkəzi Komitəyə göndərilir və pendirdə qurd görən yuxarı zümrə istehsalçının cəzalandırılmasını - güllələnməsi tapşırığını verir. Məsələyə o zaman qida sənayesi naziri qarışır, vəziyyəti izah edir, qərar bundan sonra dəyişir, istehsalçını güllələmirlər, sürgünə yollayırlar. Pendiri də istehsalatdan çıxarırlar. Stalin aşbazına general rütbəsi vermişdi".

Tahir Əmiraslanov deyir ki, 1-ci şəxslərin kulinariya bilikləri də zəngindir: “Türkmənistan prezidenti  Berdıməhəmmədov kulinariyaya aid kitab yazıb. Həmin kitaba rəy yazmışam. Tansu Çillər o zaman Türkiyə mətbəxini dünyada tanıdaq adlı bir layihə başladı və türk mətbəxinin təbliğatı başladı. Koreya prezidentinin xanımı da bu yöndə öz milli mətbəxlərinin tanıdılması üçün addımlar atdı. Çeçenstan prezidenti Kadırov hazırda çeçen mətbəxinin tanıdılması istiqamətində çox mühüm addımlar atır. 1994-cü ildə Heydər Əliyev dünya kulinariya konqresinə nümayəndə heyəti göndərmişdi. Orada əsas cümlə "Azərbaycan mətbəxinin tarixi qədim, ecazkar və rəngarəngdir" idi. 2011-ci ildə Prezident İlham Əliyev çıxışında ermənilərin Azərbaycan mətbəxindən oğurluq etdiklərini, dolmanı oğurlayıb öz adlarına çıxarmaq istədiklərini dedi. Cənab prezident özü də, Mehriban xanım da bu sahə üzrə bir çox tövsiyələr verib, Azərbaycan mətbəxi nümunələrinin YUNESKO siyahısına düşməsində çox böyük rolları var. Bu yaxınlarda Ərdoğanın xanımı kulinariya haqda geniş bir kitab yazıb. Qacarlar, Abbasilər də mətbəxi çox güclü bilirdilər. Mətbəx həm də bir sənət nümunəsidir. Sovet Almaniyasının kəşfiyyat rəisi Markus çox gözəl aşpaz idi və hətta bu haqda kitabı da var. O, çox güclü kəşfiyyatçı idi və heç zaman da ələ keçməmişdi. Bu gün dünyaya yayılan “Makdonalds”lardan gələn gəlir əslində sahibləri üçün 10-cu dərəcəlidir. Əslində isə bu şəbəkənin yeməklərinə öyrəşən uşaqlar gələcəkdə çox rahat şəkildə ABŞ ordusunda xidmət edə biləcəklər. Sovet dövründə xalqların eyniləşməsi üçün standart menyular vardı. Bu, Dövlət Təhlükəsizliyi Komitəsinin nəzarəti ilə həyata keçirilən siyasət idi. Bunu ona görə edirdilər ki, xalq tədricən eyniləşsin, aradakı fərqlər itsin. Qida məsələsi çox ciddi məsələdir və 1-cilərin qida rasionunun gizli saxlanması da buradan qaynaqlanır".

0