Qəbul imtahanları çətinləşib? - AÇIQLAMA

ÖLKƏ
14:27 / 07.09.2023
736

Qəbul imtahanları ilə bağlı müzakirələr səngimir. 

İmtahanların ardından abituriyentlərin bəziləri sualların çox çətin olmasından gileyləndi. Bəziləri isə sualları asan adlandırdı. Həmçinin, qəbul göstəriciləri də kifayət qədər yüksək oldu. 

Ümumiyyətlə, universitetlərə qəbul prosesi asanlaşıb, yoxsa çətinləşib?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib ki, abituriyentlərin gileylənməyi bir az öz tənbəlliklərindən irəli gəlir:

333337

"Abituriyentlərin ixtisas seçiminə də müxtəlif ballarla gəldiyini görürük. Elə abituriyent var 150-200 bal arası, bəzisi 200-300, bəziləri isə 300-dən yuxarı balla müraciət edirlər. Bu abituriyentlər eyni qrupdan da, fərqli qrupdan ola bilirlər. Əsasən gileylənən abituriyentlər az bal toplayanlar olur. Onlarla maraqlananda görürük ki, heç sınaq imtahanlarında da iştirak etməyiblər. İstər Dövlət İmtahan Mərkəzinin (DİM), istərsə də özəl təhsil müəssisələrinin təşkil etdiyi sınaq imtahanlarında iştirak etməyən abituriyentlər demək olar ki, suallara hazırlıqsız yaxalanırlar. Məncə, gileylənməkləri də bir az öz tənbəlliklərindən irəli gəlir".

Ekspert qeyd edib ki, bu il əvvəlki illərdən fərqli olaraq birinci qruplarda müəyyən dəyişikliklər oldu:

"Riyaziyyat-kimya və riyaziyyat-informatika fənləri üzrə ayrı-ayrılıqda imtahanlar keçirildi. Diqqət edəndə görürük ki, riyaziyyat-informatika üzrə müraciət edən abituriyentlərin sayı riyaziyyat-kimya üzrə müraciət edənlərin sayından azdır. Çünki illərdir bu abituriyentlər riyaziyyat və kimyaya aid olan ixtisaslar üzrə hazırlaşıblar. Ona görə də risk edib riyaziyyat-informatika imtahanlarında iştirak etmirlər. Bu səbəbdən də riyaziyyat-informatikaya aid olan ixtisasların balları da kifayət qədər aşağı endi. Hətta 100, 200 və daha artıq balların da enməsinin şahidi oluruq. Demək olar ki, balların enməsi birbaşa olaraq abituriyentlərin nəticələrindən asılıdır".

Adil Vəliyev onu da əlavə edib ki, qəbul prosesində heç bir dəyişiklik yoxdur:

"Sadəcə olaraq qruplar üzrə bəzi dəyişikliklər var. Keçən il ikinci, üçüncü qruplarda, bu il isə birinci qrupda müəyyən dəyişiklik oldu. Ancaq istər bal hesablanmasında, istərsə də qəbul qaydalarında köklü dəyişiklik olmayıb. Sadəcə bəzi ixtisaslar digər ixtisaslardan ayrılıb. Abituriyentlər də bu ixtisaslara uyğun imtahan verməlidirlər.

Tövsiyə edirəm ki, hər dəfə yenilik olanda abituriyentlər çalışsınlar ki, o yeniliklərdən maksimum dərəcədə istifadə etsinlər. Çünki çox zaman ilk qəbulda həmin yeniliklərdə olan ixtisasların ballarının aşağı enməsinə səbəb olur. Bu isə abituriyentlərin daha rahat universitetə qəbul olmasına şərait yaradır".

Pərviz

0