Azərbaycanda dərman qıtlığı: "Vaxtı keçən, keyfiyyətsiz dərmanların satışı..."

ÖLKƏ
12:42 / 08.09.2023
761

Rusiyada xaricdən gətirilən ürək dərmanlarınının və antidepresanların çeşidi 20 faiz azalıb. Bunun da əsas səbəbi Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq, qoyulan sanksiyaların ağırlığıdır. Bilirsiniz ki, Azərbaycan da dərman idxalından asılı ölkədir. 

Onu xatırladaq ki, Azərbaycan cari ilin 6 ayında müxtəlif ölkələrdən 322 771.26 ABŞ dolları dəyərində 16 245.56  ton əczacılıq məhsulları ixrac edib. Bu ilin ilk rübündə əczacılıq məhsullarının idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 3,94 faizini təşkil edib.

Ölkəmizə dərmanların gətirildiyi ölkələrdən biri də məhz Rusiyadır. Buna görə də bizdə də bu dərmanlarda azalma ola biləcəyi ehtimal edilir.

Maraqlıdır, ölkəmizdə hazırda dərman çatışmazlığı halı yaşanırmı? 

Farmakoloq Aydın Əliyev Hit.az-a açıqlamasında deyib ki, ölkəmizdə dərman keyfiyyətsizliyi və çatışmazlığı halı müşahidə edilir:

"Bu gün dərman özü strateji məhsul sayılır. Ona görə ki ölkələrıin  hamısında dərman zavodları yoxdur və bu mənada bütün ölkələr dərman məsələsində bir-birindən asılıdır. Bizim ölkədə isə dərman zavodlarının açılması ilə bağlı plan var. Biz öz zavodlarımızı açana qədər xaricdən gətirilən dərmanlardan, onların adından, sayından, miqdarından, faizindən asılı oluruq. Nə qədər ki öz flora və faunamızdan, alimlərimizdən istifadə etməyə başlayarıq, o zaman da dərman sənayemiz tamam formalaşar. Onda heç kimdən asılacağımız olmaz, xaricə axan milyonların, milyardların qarşısını da bu yolla almış olarıq. Əvəzində həmin pullar öz büdcəmizdə qalar. Bəli, dərman azlığı problemi yaşayırıq. Dərmanların gətirilməsində problemlər, dərmanların keyfiyyətsizliyi halları ilə qarşılaşırıq. Həmçinin, vaxtı keçən dərmanların satışı, zəhərlənmə törətmə faktları var. Ümumiyyətlə, nədən ki xaricdən asılıyıq, o məhsul bizə problem yaradır. Bura dərmanlar da daxildir". 

Aynur Əli

0