Cənubi Koreyanın YTN telekanalı Şimali Koreya lideri Kim Çen Inın sentyabrın 13-də Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini bildirib.
HİT.az xəbər verir ki, telekanalın məlumatına görə, Kim Çen In artıq Rusiya Federasiyasına yollanıb. Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Putin və Kim Çen In arasında danışıqlar planlaşdırılmır.
“Kim Çen In yavaş-yavaş Şimali Koreya daxilində qatarla şimal-şərq sərhədinə doğru irəliləyir. Onun Vladimir Putinlə görüşü sentyabrın 13-də mümkündür”, deyə YTN bildirib.
Kanal Kim Çen Inın Rusiya Federasiyasına iddia edilən səfərinin digər təfərrüatlarını açıqlamayıb.
"Bloomberg" öz mənbələrinə istinadən Şimali Koreya liderinin Rusiya Federasiyasına yaxın zamanda gəlişi və Vladimir Putinlə gözlənilən görüşü ilə bağlı məlumatları da təsdiqləyir: "Şimali Koreya lideri Kim Çen Inın Şərq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün bu həftə Rusiyanın Vladivostok şəhərinə gedəcəyi gözlənilir".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Kim Çen Inın Şərq İqtisadi Forumu çərçivəsində görüşünün mümkünlüyünü istisna edib. Kreml nümayəndəsi RTVI-ya Kim Çen Inın Rusiyaya mümkün səfəri ilə bağlı məlumatları təsdiq və ya təkzib etmədən “Belə təmaslar planlaşdırılmır” deyib.
Kim Çen Inın sentyabrın 4-də Vladimir Putinlə görüşməyi planlaşdırdığını ilk olaraq "New York Times" qəzeti mənbələrə istinadən yazıb. Onların sözlərinə görə, Kim Çen In Pxenyandan zirehli qatarla Vladivostoka gedəcək və burada Rusiya prezidenti ilə birgə Şərq İqtisadi Forumunda (EEF) iştirak edəcək. Kreml də səfərə hazırlığı təsdiqləməyib.
Samir