Yaxın günlərdə geomaqnit qasırğasının olacağı gözlənilir.
Bu barədə Nəsrəddin Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, Kosmik hava proqnozuna əsasən, sentyabrın 11-17-si arasında C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. Həmçinin, geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Bunun insanlara hansı mənfi təsirləri olacaq? Geomaqnit qasırğasından qorunmaq üçün nələr etməliyik?
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli HİT.az-a açıqlamasında bildirib ki, əslində zaman-zaman maqnit qasırğaları olur:
"Günəş sistemində baş verən partlayışların gücünə uyğun olaraq, bu qasırğaların təsiri Yer kürəsinə gəlib çatır. Qalaktikada baş verən proseslər müasir cihaz və texnologiyalarla öyrənildiyindən öncədən xəbər verilir. Şamaxı Astrofizika Rəsədxanasının belə bir məlumatı verməsi təqdir olunmalıdır.
Xüsusən qəlb-damar, hipertansion xəstələrinin xəbərdar edilməsi təqdir olunandır. Yaxşı olar ki, telekanallarda uyğun sahənin doktorlar insanları bilgiləndirsin. Mətbuatın bu xəbərdarlığı yayması nə qədər yaxşıdır. Amma həkimlərin lazım olanları deməməsi nəticəsində insanlarda panik yarana bilər".
O, insanları panikaya qapılmamağa çağırıb:
"Kosmik fəzadan Yer kürəsinə daxil olan belə qasırğalardan qorunmanın ilkin yolu panikaya qapılmamaqdır. Qasırğanın təsir edəcəyi xəstələr və yaşlılar lazımi sakitləşdirici dərmanları almalıdırlar".
Pərviz