Azərbaycanlı futbolçular nə üçün xaricdə uğur qazana bilmirlər?

İDMAN
14:23 / 15.09.2023
893

Bu mövsüm bir çox azərbaycanlı futbolçu xarici komandalara transfer oldu.

Əvvəllər Azərbaycan liqasındakı futbolçuların legioner həyatı yaşamasına təsadüfən rast gəlirdik. Lakin illər keçdikcə onların sayı artmağa başladı. Xarici ölkələrdə karyeralarına davam edən azərbaycanlı futbolçuların bəziləri müəyyən dərəcədə uğurlu olsalar da, bəziləri buna nail ola bilmədilər. Onların böyük əksəriyyəti bir müddət sonra yenidən Azərbaycana geri qayıtdılar. Xaricə transfer olunan futbolçularımızın üz tutduğu ölkələr isə adətən Rusiya, Türkiyə və MDB ölkələri olur. Onu da qeyd etmək lazımdır ki, xarici kluba gedib orada uzun illər çıxış edən və ciddi uğurlara imza atan futbolçularımız demək olar ki, yoxdur. Avropanın aparıcı çempionatlarında oynayan futbolçularımız isə ümumiyyətlə olmayıb. Qonşu ölkələrin futbolçularını Avropanın "Top-5" liqalarında və ya Çempionlar Liqasında izləsək də, öz futbolçularımızı o səviyyədə görə bilmirik.

Axı azərbaycanlı futbolçuların xaricdə ciddi uğur qazanmamasının və böyük liqalara transfer ola bilməməsinin əsas səbəbləri nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, azərbaycanlı futbolçuların Avropada uğur qazana bilməməyinin, ümumiyyətlə xarici klubların marağında olmamağının yalnız bir səbəbi var:

333837

"Azərbaycanda Avropa standartlarına cavab verən futbolçu yetişdirilmir. Mən “yoxdur” demirəm, “yetişdirilmir” deyirəm. Futbolçu məhsuldur, məhsulu əldə etmək üçün yer şumlanmalı, toxun səpilməli və aqrotexniki qaydalara əməl edilməlidir. Bu olacaqsa, keyfiyyətli və bol məhsul əldə ediləcək, olmayacaqsa... 

Bax, futbolçu da məhsuldur. Amma biz bu məhsulu eldə etmək üçün heç nə etməmişik: nə yeri şumlamışıq, nə toxum səpmişik, nə də qulluq etmişik".

Ekspert vurğulayıb ki, Azərbaycanda uşaq futbolu yoxdur:

"Birmənalı deyirəm ki, yoxdur. Yoxdursa, futbolçu necə yetişsin? İstedadlı uşaqlar yetərincədir, amma onları yetişdirmək üçün infrastruktur yoxdur. Azərbaycanda uşaq futbolunun infrastrukturu deyəndə, keyfiyyətsiz rezin meydança yada düşür. Hansı ki, o meydançada uşaqların oynaması cinayətdir. Özü də qatı cinayət. Biz belə meydançalarda uşaqlarımızı şikəst edirik. Üstəlik, uşaq futbolunda kadr da yoxdur. 

Məsələn, Mahir Əmrəli Polşa “Legiya”sına keçəndən sonra müsahibə vermişdi ki, uşaq futbolunda öyrənməli olduqlarımı mənə burada indi öyrədirlər. Bu, dəhşətli açıqlama idi. Amma heç kim bu açıqlamaya, üsyana, etirafa fikir vermədi".

Natiq Muxtarlı AFFA-nın prezidenti Rövnəq Abdullayevi də tənqid edib:

"Biz 2008-ci ildən – Rövnəq Abdullayev AFFA prezidenti olandan – Azərbaycan futboluna neftin pulu sel kimi axandan yazırıq ki, uşaq futbolunda infrastruktur qurun, gələcəyə yatırım edin. Amma özümüz yazdıq, özümüz də oxuduq. Rövnəq Abdullayev və dəstəsi isə bildiyini etdi, xalqın pulunu havaya sovurdu, dəhşətli "cinayət" törətdilər. Və bu "cinayət" hələ də törədilir. Amma "cinayətkarlar"a “gözün üstə qaşın var” deyən də yoxdur. 

Ümumiyyətlə, Azərbaycan çempionatında limit aradan qaldırılsa, komandaların heyətində yerli futbolçular olmayacaq. Çünki zəifdirlər, hətta rəqabətdə Azərbaycana gələn legionerlərə belə uduzurlar. Onlar limitin sayəsində meydana çıxırlar. Amma bunun günahı onlarda deyil. Onları necə öyrədiblərsə, elə də oynayırlar. Əgər kiməsə uşaq vaxtı “A” hərfini” “B” kimi yazmağı öyrədəcəklərsə, “A”nı “B” kimi yazacaq. Bizim futbolçulara da futbol oynamağı belə öyrədiblər".

Həmsöhbətimiz Azərbaycanda digərlərindən fərqlənən futbolçuların da xaricdə yetişdiyini diqqətə çatdırıb:

"Azərbaycan çempionatında hər kəsdən fərqlənən yerli futbolçular kimlərdir? Emin Mahmudov – zəif Rusiya məktəbinin yetirməsidir. Amma bununla belə fərq aşkardır. Ramil Şeydaveyin də digərlərindən nə qədər üstün olduğu göz qabağında idi. O da Rusiya futbol məktəbinin yetirməsidir. 

Problem aşkardır, aydındır və göz önündədir. Azərbaycanda uşaq futbolu yoxdur. Onu qurmaq lazımdır. Uşaq futbolunda infrastruktur qurulmayana – yer şumlanmaya, toxum səpilməyənə, ona qulluq edəcək kadrlar olmayana qədər bizim Avropada oynaya biləcək məhsulumuz – futbolçumuz olmayacaq. 

Amma bunu kimə deyirik? Özümüz deyib, özümüz də eşidirik. Futbol təsərrüfatı isə “istedadlı dələduzlar”ın monopoliyasındadır. Onları isə məhsul yetişdirmək yox, pul “yumaq” maraqlandırır. Azərbaycanda futbolun olacağına, futbolçu yetişəcəyinə ümid edənlərə isə təsəllim belə ola bilər: Olmayacaq, yetişməyəcək. Ən azı indiki kadrlarla".

Pərviz

0