Qənirə Paşayeva bəstəkar Şahin Musaoğlu ilə görüşüb - FOTO

MƏDƏNİYYƏT
11:36 / 18.09.2023
634

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva  Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, bəstəkar Şahin Musaoğlu ilə görüşüb, onu 60 illik yubileyi ilə əlaqədar təbrik edib.

Mədəniyyət Komitəsində baş tutan görüşdə, tanınmış sənətçi və ictimai xadimin incəsənətə, özəlliklə hərbi-vətənpərvərlik işinə unudulmaz bədii əsərlərlə bəxş etdiyi töhfələri xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni sənət sevincləri arzulayıb. Q.Paşayeva Ş.Musaoğlunu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. 

Məktubda deyilir:

"Hörmətli Şahin müəllim,

Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yaradıcı və ictimai fəaliyyətinizdə uğurlar diləyirəm!
Siz hələ gənc yaşlarınızdan bədii və musiqi yaradıcılığı ilə məşğul olmusunuz. Ötən illər içində "İgid əsgər, möhkəm dayan”, "Yaşamaq gözəldir, yaşatmaq sonsuz”, "Ağ ümid”, "Cəng əsgəri”, "Güllədən biçilmiş bir köynək”, "Mübariz”, "Beş qapı” və (rus dilində nəşr olunmuş) "Светить всегда, светить везде!” adlı 8 kitabınız, onlarla bədii, elmi məqalə və esseləriniz yayınlanıb. Şeirləriniz müxtəlif toplularda, yerli və xarici ədəbi nərşlərdə, o cümlədən, Türkiyə, Böyuk Britaniya, Amerika, Küveyt, İran və Rusiyanın populyar dərgi, qəzet və saytlarında yayınlanıb. Müəllifi olduğunuz mahnılardan Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr etdiyiniz "İgid əsgər, möhkəm dayan”, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Qərib karvan”, Milli Ordunun ilk batalyonu haqda yazdığınız "Birinci batalyon”, eləcə də, "Cənab leytenant”, "Çağırır Vətən”, "Vətən əmanəti”, "Öncə Vətəndir”, "İstiqlal marşı”, "Səma şahinləri”, "Səfərbərlik marşı”, "Yaşa, yaşa, Azərbaycan”, "Ölkəm”, "Şuşa marşı” kimi mahnılar respublika miqyasında populyarlıq qazanıb. Sözləri və musiqisi sizə aid olan "İgid əsgər, möhkəm dayan”, "Cənab leytenant” və "Əsgər, Vətən əmanəti” adlı üç musiqi əsəriniz Elm və Təhsil Nazirliyinin rus və Azərbaycan bölməsinin 3-cü, eləcə də 4, 6 və 7-ci siniflər üçün nəzərdə tutulmuş dərs vəsaitlərinə salınaraq tədris olunur.

Ötən illərdə "İgid əsgər, möhkəm dayan”, "Vətən çağırır”, "Bozqurd harayı” adlı üç audio kassetiniz, həmçinin, "Öncə Vətəndir”, "İgid əsgər, möhkəm dayan”, "Cənab leytenant”, "Şahin Musaoğlunun müəllif mahnıları” adlı kompakt diskləriniz dinləyicilərə təqdim olunub. Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyiniz "Mübariz” pyesi əsasında hazırlanmış "Mübariz” radio-tamaşanın və "Mübariz” operasının liberet­tosunun və dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə”si əsasında hazırlanmış "Beş qapı” musiqili tamaşasının ssenari müəllifisiniz. "Cənab leytenant” (nəfəsli alətlər orkestri üçün, 2020), "Vətən əmanəti” simfonik ballada (BSO üçün, 2021), "Zəfər dastanı” simfonik poema (vokal xor və simfonik orkestr üçün, 2021) kimi simfonik əsərlərin də müəllifisiniz.

Bundan başqa, Bakıda fəaliyyət göstərdiyiniz ilk dönəmlərdə - I Qarabağ mühari­bə­sinin gedişində Müdafiə Nazirliyinin Tibb İdarəsi və nazirliyin Sənədli Filmlər Kino­studiyasının əməkdaşı kimi (zabit olaraq), yaralı əsgər və zabitlərlə bağlı ilk hərbi-tibbi arxivin yaradılmasına başçılıq etmisiniz.

Azərbaycan Yazıçılar Birliyinin, İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin), Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyası (WAMBES) İdarə heyətinin üzvüsüz.

Bir daha Sizi 60 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə təbrik edir, yeni sənət uğurları arzulayıram"!

Ş.Musaoğlu görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

0