Azərbaycanla Ermənistan arasında ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq? - ŞƏRH

SİYASƏT
12:14 / 18.09.2023
858

"Son aylarda Azərbaycan Ermənistan münasibətlərində Qarabağ ətrafında kifayət qədər gərginlik hiss olunur".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra tərəflər arasında sülh müqaviləsi imzalanmasına dair ümidlər artmışdı:

"Lakin son aylarda baş verən hadisələr sanki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı vaxtı uzadır. Bu da onunla bağlıdır ki, artıq Cənubi Qafqazdakı münasibətlər sistemində kifayət qədər dəyişikliklər meydana gəlib. Belə ki, Nikol Paşinyan son zamanlarda fəallıq göstərərək Qarabağ məsələsini beynəlmiləl müstəviyə çıxartdı və beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqaza cəlb edə bildi. Bu da şübhəsiz ki, Paşinyanın Ermənistanı Rusiyanın cəngindən xilas etməyə çalışması ilə bağlı idi. O, bu gün də həmin istiqamətdə addımlar atır".

Ekspertin sözlərinə görə, Paşinyanın özünün iradəsinə qalsa, o, bu gün belə sülh müqaviləsinə imza atmağa razı olar:

333964

"Amma bu gün Ermənistana təsir edən qüvvələr var. Xüsusilə, dünyada qlobal və regional güc mərkəzi sayılan dövlətlər buna imkan vermir. Əsasən də Rusiya bu məsələdə Ermənistana təzyiq göstərir. Baxmayaraq ki, Paşinyan öz dövlətini Rusiyadan müəyyən qədər uzaqlaşdıra bilib, amma hələ də Kremlin Ermənistan elitası və ictimaiyyətinə təsir etmək imkanları var. 

Düşünürəm ki, rəsmi Moskva imkanı çatdığı qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneələr törədir. Çünki sülh müqaviləsi imzalansa, rus sülhməramlıları mütləq şəkildə Qarabağdan çıxacaq.

Həmçinin, Ermənistandakı rus bazasının da ölkədən çıxarılması tələbi meydana gələ bilər. Çünki Rusiya Ermənistanın təhlükəsizliyini qorumaq adı altında həmin ölkəyə öz ordusunu yerləşdirmişdi. Amma sülh müqaviləsi imzalandıqdan sonra rus hərbçilərinin Ermənistanda mövcud olmasına da ehtiyac qalmır".

Politoloq qeyd edib ki, Kreml bunlara görə tərəflər arasında sülh müqaviləsinin imzalanmaması üçün müəyyən əngəllər törədəcək:

"Ona görə də Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını indidən demək çətindir. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması həm də Rusiya-Ukrayna müharibəsinin nəticəsindən bağlı olacaq. Böyük ehtimalla, Ermənistan da müqaviləyə imza atmaq üçün Ukraynada yorğun vəziyyətə düşən Rusiyanın məğlub olmasını gözləyir".

Pərviz

0