Hansı baş ağrıları infarkt və insult riskini artırır?

MARAQLI
13:14 / 25.09.2023
523

Orhus Universitetinin alimləri müəyyən ediblər ki, miqrenli insanlarda infarkt və insult riski arta bilər. 

HİT.az xəbər verir ki, bu barədə "PLOS Medicine" jurnalında dərc olunan məqalədə deyilir.

Miqren tez-tez bir tərəfdə çırpınma hissi ilə xarakterizə olunan baş ağrısı növüdür. Qadınlar kişilərə nisbətən bu xəstəlikdən üç dəfə çox əziyyət çəkirlər. Alimlər bu tip baş ağrısının tam olaraq nədən qaynaqlandığına əmin olmasalar da, bəziləri bunda qan damarlarının daralması və ya beyindəki iltihabın rol oynadığına inanır. Bundan əlavə, son tədqiqatlar göstərir ki, miqren sirkadiyalı ritmlərə təsir edən genlərlə əlaqələndirilir.

Tədqiqatçılar 1996-2018-ci illər arasında miqrenli 18-60 yaş arasında olan 179.680 qadın və 40.757 kişinin məlumatlarını təhlil ediblər. Miqreni olmayan insanlarla müqayisədə, miqrenli həm kişilərdə, həm də qadınlarda işemik insult və infarkt riski artıb. Bundan əlavə, kişilərlə müqayisədə qadınlarda hemorragik insult və infarkt riski daha yüksəkdir.

Beyində qanaxma nəticəsində hemorragik insult baş verir, işemik insult isə qan laxtasının beyinə qan axınına maneə olduğu zaman baş verir.

Alimlər nisbi risk artımını araşdırdıqlarını, lakin mütləq riskin ümumiyyətlə kiçik olaraq qaldığını vurğulayıblar. Bununla belə, miqrenlərin qadınlar arasında daha çox yayıldığını nəzərə alsaq, bu tip baş ağrısının olması qadınlarda insult və infarktların artması ilə əlaqələndirilə bilər.

Samir

0