Çin istehsalı avtomobillər rekord qırmağa davam edir.
HİT.az xəbər verir ki, avqust ayı ərzində Çin istehsalçıları Avropadakı rəqiblərindən daha çox avtomobil satmağa nail olublar.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb. Bildirilib ki, ötən ay Çin istehsalı avtomobillərin satışında ciddi artım qeydə alınıb.
Məsələn, ötən ilin avqust ayında BYD markalı avtomobilin 186 ədədi satılmışdı, amma bu il sözügedən rəqəm 2685-ə çatıb. BYD-nin "Atto 3" modeli isə 2 min 559 ədəd satılıb. Bu isə "Mercedes E-Class", "BMW 5 Series" və "BMW 4 Series" kimi modelləri geridə qoyub.
Həmçinin, digər Çin avtomobili "MG4" də Avropada ən çox satılan 40 modeldən biri olub. Ötən illə müqayisədə satışlarını üç dəfə artıran istehsalçı "Volvo", "Suzuki" və "Mini" kimi markaları geridə qoyub.
Qeyd edək ki, avropalı avtomobil istehsalçıları isə çinlilərin bu göstəricilərindən olduqca narahatdır və onların qarşısını alacaq addımlar atmağı planlaşdırırlar.
Pərviz