Dövlət Gömrük Komitəsinin rüşvət almaqda ittiham olunaraq şərti cəzaya məhkum edilmiş əməkdaşları Orxan Zöhrabov və Mirağa Ağayevin kassasiya şikayətlərinə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkum şəxslərin vəkilləri çıxış edərək müvəkkilləri barəsində bəraət qərarı çıxarılmasını xahiş ediblər.
Hakim Tahir Kazımovun sədrlik etdiyi hakimlər heyəti kassasiya şikayətlərini qismən əsaslı hesab edib. Məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edib ki, apellyasiya instansiyası tərəfindən işə baxılarkən müəyyən qanun pozuntularına yol verilib.
Bu əsasla məhkum şəxslər barəsindəki qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, O.Zöhrabov, M.Ağayev və digərləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rüşvət alma ittihamı ilə həbs edilmişdilər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Zöhrabov və digərlərinə şərti cəza, Mirağa Ağayevə isə bəraət verilib. İş üzrə ittiham olunanlardan yalnız Elmar Mirzəyevə 5 il 3 ay həbs cəzası verilib.
Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü ittihamın xeyrinə dəyişib.
Qərara əsasən, Orxan Zöhrabov və Mirağa Ağayev istisna olmaqla digər şərti cəza alan təqsirləndirilən şəxslər məhkəmə zalında həbs ediliblər. M.Ağayevin bəraəti isə ləğv edilərək, şərti cəza ilə əvəz olunub.
Bir müddət əvvəl E.Mirzəyevi çıxmaqla digər məhkum edilmiş gömrükçülər cəzalarının 2/3 hissəsini çəkmələri səbəbi ilə azadlığa buraxılıblar.
Xatırladaq ki, Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin bundan əvvəlki sədri İlham Cəfərovun kürəkənidir.