Türkiyə Super Liqasının yeni sistemə keçməsi nəyi dəyişəcək? - RƏY

İDMAN
15:40 / 29.09.2023
827

Türkiyə Super Liqasında "play-off" və "play-out" sisteminin tətbiq oluna biləcəyi açıqlanıb. 

Buna səbəb olaraq yayım gəlirlərinin və matçların izlənməsinin aşağı düşdüyü göstərilib. Əslində, daha öncə bir dəfə bu sistem tətbiq olunsa da, azarkeşlər tərəfindən xoş qarşılanmamışdı. İndi isə yenidən eyni ideya gündəmdədir və bir çox klub da buna dəstək verir. Hətta Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi belə bunun ola biləcəyini elan edib.

Ümumiyyətlə, Super Liqada "play-off" və "play-out" sistemi tətbiq olunmalıdırmı? Bunun oyunların izlənilməsinə, liqanın marka dəyərinin yüksəlməsinə nə kimi üstünlükləri olacaq?

Tanınmış idman eksperti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, Türkiyə Super Liqasında yayım gəlirlərinin və izlənmənin aşağı düşməsinin bir neçə səbəbi var:

334784

"Birincisi, oyun keyfiyyətinin aşağı olmasıdır. Türkiyə Super Liqasında aşağı oyun keyfiyyəti azarkeşləri cəlb etmir. Bu, birmənalıdır. Mənim şəxsi fikrim belədir ki, əsasən türkiyəli mütəxəssislərin baş məşqçi olduqları klublarda komanda oyunu yoxdur. Taktiki yanaşma isə demək olar ki, hiss edilmir.  

Bunu “Qarabağ”la oyundan sonra “Molde”nin baş məşqçisi də etiraf etdi. Heyətində milyonluq futbolçular olan “Qalatasaray” müasir futboldan xeyli uzaqdır, “Allaha təvəkkül” sistemə, futbolçuların fərdi bacarığına güzəşt edilir. Elə “Beşiktaş” da eyni vəziyyətdir. 

Üstəlik, Türkiyə klublarında gələcək üçün güzəştə yer yoxdur, yəni məşqçilərə vaxt verilmir. Xüsusən də əcnəbilərə. Klublarda tez-tez məşqçi dəyişikliyi çempionatın səviyyəsinə təsirsiz ötüşmür. Baş məşqçilər isə özlərinin oyun sistemlərini yox, ictimai tələbi əsas götürürlər. Nəticədə, Türkiyə klubları Avropa səhnəsinə çıxanda olduqca zəif təsir bağışlayırlar".

Ekspert qeyd edib ki, indi çempionatın formatını dəyişməklə nəyəsə nail olmağa cəhd edirlər, amma mənasızdır:

"Belə formatda çempionatın son bölümündə müəyyən maraq yarana bilər. Bəs qalan oyunlarda necə olacaq? Türkiyə çempionatına bahalı legionerlər cəlb edilir, amma strategiya, yanaşma səhv olduğu üçün bunun bəhrəsi yoxdur. 

Hər oyundan sonra ən xırda hakim səhvlərinin qalmaqal səviyyəsinə qaldırılması, klub rəhbərlərinin özlərindən savayı hər kəsi ittiham etməsi də Türkiyə futbolunun əsas bəlasıdır. Xərclənən vəsaitin hesabatını başqalarını günahlandırmaqla verirlər. Belə qalmaqallar da azarkeşlərin çempionata marağını azaldır. Sanki belə təəssürat yaranır ki, Türkiyə çempionatında hər şey əvvəlcədən planlaşdırılıb.

Təbii ki, azarkeş futbol istəyir, intriqa, qalmaqal yox. Türkiyə futbolunda uzun illərdir ki, qalmaqallar hesabına ajiotaj yaradılıb. Amma indi bu yanaşma özünü doğrultmur".

Natiq Muxtarlı vurğulayıb ki, dünyanın ən yaxşı çempionatı hesab olunan İngiltərə Premyer Liqasında kobud hakim səhvləri olur:
"Amma bunu kimsə qalmaqal səviyyəsinə qaldırmır. Nə səhvin qurbanı olan klub, nə də mətbuat. Türkiyədə isə hər şey fərqlidir. Ona görə də, düşünmürəm ki, formatı dəyişməklə Türkiyə çempionatına maraq artmayacaq. Bunun üçün düşüncə, yanaşma tərzi dəyişməli və oyun keyfiyyəti yüksəlməlidir. 

Bunu etmək üçün Türkiyə Super Liqasının potensialı mövcuddur. Liqada keyfiyyətli oyunçular var, amma keyfiyyətli oyun yoxdur. Qalmaqallar azalsa, keyfiyyətli futbolçularla yanaşı, keyfiyyətli məşqçilər də cəlb olunsa, onlara vaxt verilsə, onda oyun keyfiyyəti mütləq artacaq. Keyfiyyət artsa, maraq da yüksələcək. Əks halda, hər mövsüm bir format tətbiq etməklə nəyəsə nail ola bilməyəcəklər".

Pərviz

0