ABŞ da Ukraynaya dəstəyini dayandırır? - "Ağ Ev əsas istəyinə nail oldu"

DÜNYA
15:20 / 02.10.2023
1711

Son zamanlarda Ukraynaya edilən yardımların azaldılmasına şahidlik edirik.

Artıq bəzi dövlətlər Ukraynaya verdikləri dəstəyi kəsəcəkləri ilə bağlı bəyanatlar verirlər. Həmçinin, ABŞ-ın da Ukraynaya verdiyi dəstəyin azalması son zamanların ən çox müzakirə olunan məsələlərindən biridir. Hətta Ukrayna rəsmiləri tərəfindən dəfələrlə bununla bağlı şikayətlərin şahidi olmuşuq. Bütün bunların fonunda ABŞ-dan da ilk dəfə bunu təsdiqləyən bəyanat gəlib. 

Belə ki, ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ukraynaya edilən yardımlarla bağlı fikir ayrılıqlarının olduğunu təsdiqləyib:
"Bəziləri Ukraynaya yardımı dəstəkləyir. Bir qrup isə düşünür ki, bu dəstək üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. ABŞ Ukraynaya dəstəyə görə Rusiya ilə birbaşa eskalasiya təhlükəsini istisna etmir. Amma biz Kiyevə hərbi yardımı dayandırmayacağıq”.

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, təbii olaraq ABŞ-ın və Kollektiv Qərbin Ukraynaya təchiz etdiyi silah-sursatın azaldılmasının şahidi oluruq:
"Ukraynanın əks-hücum əməliyyatları başlayanda bu silah-sursatlar Qərb dövlətləri tərəfindən maksimum şəkildə təmin edilirdi. Amma əks-hücum əməliyyatları effekt vermədikdən sonra sözügedən yardımlar azaldı. Həmçinin, ayrı-ayrı dövlətlər Ukraynaya hərbi yardımla bağlı geriyə addım atdılar. NATO Baş katibi Yens Stoltenberq də artıq alyans ölkələrinin Ukraynaya kifayət qədər dəstək vermək imkanlarının olmadığına dair bəyanatla çıxış edib. Böyük Britaniya isə hələ ki, Ukraynaya tam şəkildə dəstək verməyə davam edir".

Ekspert qeyd edib ki, ABŞ-da silah-sursatın təminatı ilə bağlı problemlər ortaya çıxıb:

334961

"Belə ki, Nümayəndələr Palatası ABŞ hökumətinin maliyyələşdirilməsinin belə qarşısını alaraq, büdcəni təsdiqləmədi. Lakin ABŞ Prezidenti Co Baydenin Nümayəndələr Palatasının bəzi üzvləri ilə görüşündən sonra 45 gün müddətində hökumətin maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olundu. Amma Ukraynaya yardımların davam etməsi ilə bağlı hələ ki, razılıq yoxdur.

Bütün bunların nəticəsidir ki, artıq Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin silah təminatını dövlətlərin deyil, ayrı-ayrı xarici şirkətlərin hesabına həyata keçirməyə cəhd göstərir. Artıq Ukraynaya silah-sursatın çatdırıması ilə bağlı 13 şirkət arasında bir ittifaq da formalaşıb. Zelenski onu da əlavə edib ki, dövlətlər də bu ittifaqa qoşula bilərlər".

Politoloqun sözlərinə görə, bu gün müəyyən mənada öz istəyinə çatan ABŞ və digər Qərb ölkələri müharibənin bundan sonra da davam etdirilməsinin perspektivini görmürlər:
"Bu ölkələrə Rusiya-NATO sərhədlərinin böyüməsi lazım idi. Bunu guya Ukraynanın NATO-ya üzvlüyü ilə həyata keçirməyə çalışdılar. Əslində isə Finlandiyanın alyansa üzv olması nəticəsində NATO ölkələri ilə Rusiyanın sərhədi iki dəfədən çox artırılmasına nail oldular. Onlara Rusiyanın uzunmüddətli bataqlığa düşməsi və dünyadan təcrid olunması lazım idi. Buna da nail oldular. 

Yəni müharibədə uduzan Rusiya və Ukrayna oldu. Qalib gələnlər isə faktiki olaraq ABŞ və onun müttəfiqləridir. Ona görə də Ukraynaya əlavə silah-sursat təminatı həyata keçirmək və xərc çəkmək niyətində deyillər. Bu səbəbdən də ayrı-ayrı Avropa liderlərinin dilindən Rusiya və Ukrayna arasında sülhün əldə olunması ilə bağlı bəyanatlar eşidirik".

Pərviz

 

0