Qranada görüşündən gözləntilər nələrdir? - RƏY

DÜNYA
11:44 / 03.10.2023
697

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısı keçiriləcək. 

Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev  və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Sözügedən görüşdə Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirakı gözlənilir.

Bəs görüşdən gözləntilər nələrdir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, budəfəki görüşdə daha müsbət nəticələr əldə etmək üçün şans çoxdur:

"Çünki rəsmi Bakı indiyə qədər bu müzakirələri bir neçə platformada aparırdı. Keçən il Fransa da Praqada bura yeni platforma əlavə etmək istədi, lakin uğurlu alınmadı. Rəsmi Parisin istəkləri bizim istəklərimizlə üst-üstə düşmədi. Fransa həddindən artıq ermənipərəst siyasət yeritdi və Azərbaycana qarşı qəbuledilməz tələblər qoydu. 

Bundan sonra isə keçən il oxşar formatda Kişinyov görüşü keçirildi. Oktyabrın 5-də baş tutacaq Qranada görüşünü Kişinyov görüşünün davamı hesab etmək olar. Həmin görüşdən gözləntilərimiz yüksək deyildi. Hətta biz həmin görüşün Brüssel formatının yerini almasını istəmirdik. Çünki Fransa və Almaniyanın fərqli siyasi planları var. Ancaq Qarabağ məsələsi həll olunduğu üçün indi problem olacağını düşünmürəm. Artıq tərəflər reallıqla barışmalıdır".

334999

Politoloq vurğulayıb ki, artıq Qarabağ məsələsi həll olunub:

"Fransa indiyə kimi Qarabağa muxtariyyət verilməsini, Xankəndidə xüsusi nümayəndə açmaq istəməsi kimi anti-Azərbaycan addımları atırdı. İndi isə Qarabağ məsələsi həll olunduğu üçün Fransa ilə Almaniya reallığı dərk edərək Azərbaycan və Ermənistana fayda verən sülh prosesinə başlaya bilərlər. Sərhədlərin delimitasiya və demarkasiya məsələsi həyata keçirilməli, Zəngəzur dəhlizi və digər bütün kommunikasiya xətləri açılmalıdır. 

Həmçinin, Avropa İttifaqının tərəflərə söz verdiyi 5 milyard avroya qədər yardım da göndərilə bilər. Azərbaycan bundan Qarabağın yenidən qurulmasında istifadə edə bilər, eləcə də bu, çökmüş Ermənistan iqtisadiyyatına kömək olar".

Ekspert qeyd edib ki, bunlardan sonra isə nəhayət ki, Cənubi Qafqaza sülh gələr və əmin-amanlıq olar:

"Düşünürəm ki, Fransa və Almaniyanın artıq siyasi uzaqgörənliyi kifayət edəcək ki, onlar bu məsələdə sülhə nail olmağın yollarını axtarsınlar. Əksinə, tərəflərin birini dəstəkləmək sülhə kölgə salmaqdır".

Pərviz

0