Ermənistan Roma Statutunu təsdiq etdi: "Putini həbs edə bilməzlər"

DÜNYA
15:33 / 04.10.2023
581

Ermənistanda Putinin həbsinə əsas verən Roma Statutu ratifikasiya edilib.

Kremlin bütün xəbərdarlıqlarına baxmayaraq, rəsmi İrəvan geri addım atmadı. Lakin bundan sonra baş verəcək proseslərin necə olacağı maraqla gözlənilir. Rusiyanın Ermənistana hansısa formada cavab verəcəyi proqnozlaşdırılır. Həmçinin, qərarın icra mexanizmi də söz-söhbətlərə səbəb olub. Ekspertlər Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə, orada həbs olunacağını inandırıcı hesab etmirlər.

HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiyaya və Prezident Vladimir Putinə ciddi bir mesajdır:

335123

"Xüsusilə də Roma Statutunun ratifikasiya edilməsi Putinin digər ölkələrə olduğu kimi Ermənistana da səfər etməsinin qarşısını alır. Amma reallıq ondan ibarətdir ki, Putin Ermənistana səfər edəcəyi təqdirdə, onu həbs edəcək heç kim yoxdur. Əgər Rusiya Prezidenti orada həbs olunsa, Ermənistanın sonu olar".

Politoloq vurğulayıb ki, Ermənistanda bir neçə rus hərbi bazası var:

"Üstəlik, Ermənistanın İran və Türkiyə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Yəni bütün bunlar çərçivəsində Putinin Ermənistana səfər etməsi və orada həbs edilməsi real deyil. Bu, sadəcə olaraq Rusiya ilə Ermənistan arasındakı mövcud gərginlik fonunda İrəvanın Kremlə verdiyi siyasi mesajdır. Amma siyasi mesaj xaricində effektiv olacağını düşünmürəm".

Pərviz

0