Keçmiş rəisin ölümünə səbəb olan bank işçisi həbs edildi

HADİSƏ
14:43 / 06.10.2023
652

Ötən ilin oktyabrın 10-u Sumqayıt şəhəri Bulvar küçəsində ağır qəza törədən 1986-cı il təvəllüdlü Timur Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Chevrolet Camaro” markalı 10 DL 066 dövlət qeydiyyat nişanlı avtomobillə pensiyada olan polis polkovniki Çingiz Alxanlını vurub öldürən sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, banklardan birinin əməkdaşı olan Timur hadisə vaxtı avtomobili təyin edilmiş sürət həddindən yüksək sürətlə idarə edirmiş. O, hadisə vaxtı öndə gedən digər avtomobilin piyadanı görməsini çətinləşdirdiyini və hadisənin ani baş verdiyini deyib.

Mərhum Ç.Alxanlının ailəsi ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan sürücüyə ağır cəza verilməsini tələb edib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Məmmədova 2 il sürücülük hüququ məhdudlaşdırılmaqla 5 il 1 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. O, “FİKA MONTİNO” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.

0