Təsisçisi həbs edilən MTK-nın 899 min vergi borcu var

İQTİSADİYYAT
22:30 / 06.10.2023
507

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi "Star-M” Mənzil Tikinti Kooperativini (MKT) məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, işin mahiyyəti vergi məsələləri üzrə mübahisələrdən ibarətdir. 

İş hazırda apellyasiya mərhələsindədir. Məhkəmə prosesi hakim Rəşad Səmədovun sədrliyi ilə baş tutacaq. Lakin prosesin vaxtı barədə məlumat yoxdur. 

Araşdırmalarımız zamanı məlum olub ki, "Star-M” MTK 5 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin qanuni təmsilçisi Qasımov Valeh Cəfər oğludur. 

Ötən il Baş Prokurorluq "Star-M” MTK-nın vəzifəli şəxslərinin həbsi barədə məlumat yayıb. Həmin məlumatda qeyd edilir ki, "Star-M” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda "ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda "Star-M” MMC-nin 899 825, 59 AZN vergi borcu var. 

0