Oktyabrın 6-da Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalının təntənəli açılış mərasimi olub.
HİT.az xəbər verir ki, açılış mərasimi festivalın tərəfdaş məkanlarından biri olan “The Club Port Baku” idman klubunda baş tutub.
Azərbaycanda ilk dəfədir ki, özünüinkişaf və sağlamlıq sahəsi üzrə bu miqyasda möhtəşəm tədbir keçirilir.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə təşkil olunub. Üç gün ərzində Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcəkdir.
Açılış mərasimində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin akademik direktoru və Beynəlxalq “Nine Senses” festivalının həmtəşkilatçısı Natalya Jukova açılış nitqi ilə çıxış edib.
Çıxışında ölkəmizdə sağlam həyat tərzinin inkişafı və təbliği baxımından festivalın keçirilməsinin əhəmiyyətini qeyd edib: “Biz festivalı iki həftəyə hazırladıq, bu inanılmazdır! Komanda qısa müddət ərzində bu cür böyük layihəni həyata keçirməklə möhtəşəm iş bacardı. Qeyd edim ki, festival növbəti iki gün ərzində daha da canlanacaq. Bu gün rahat səhər məşqləri ilə başladıq - Tsiqun və Nəfəs Alma Texnikaları. 7 oktyabrda isə hedlaynerlərimiz – Imran Kriya, Nandan Gautam, Anna Vladimirovanın çıxışları ilə davam edəcəyik.
Bazar günü isə “Sea Breeze Event Hall”da biznes panel və “Nine Senses”də müxtəlif və maraqlı proqram planlaşdırılır. Axşam konsertləri, tematik yarmarka, rəqs improvizasiyaları keçiriləcəkdir. Bütün bunlar festival iştirakçılarını yeni təcrübələr və unudulmaz anlar yaşadacaq.
‘Hər il keçiriləcəyini gözlədiyimiz layihəmizə “Nine Senses”in təsisçisi Leyla xanım dəstək göstərib. Məqsədimiz üç istiqamətdə fəaliyyət göstərən peşəkar mütəxəssisləri bir araya gətirmək və festival ərəfəsində onların təcrübələrini iştirakçılara təqdim etməkdir”.
Festival iştirakçılara insanın harmonik inkişafı ilə bağlı demək olar ki, bütün müasir dünya tendensiyaları ilə tanış olmaq imkanı verəcək. Tədbir ərəfəsində kriya, kundalini, hatha, nidra, bədii yoqa, meditasiya təcrübələri, bədənyönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlik fərqli sahələr üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaq.
ANSA təhsil platforması ilə birgə təşkil olunan “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı oktyabrın 8-dək davam edəcək.