"Artıq ikinci həftədir ki, müxtəlif ölkələrin avtomobil sərgilərini təşkil etdik".
Bu sözləri Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev HİT.az-a açıqlamasında deyib.
O, keçən həftə Çin avtomobillərinin, bu həftə isə Yaponiya istehsalı olan avtomobillərin sərgisini təşkil etdiklərini diqqətə çatdırıb:
"Məqsəd həmin ölkələrin həm mədəniyyətini göstərmək, həm də onları Azərbaycanda təmsil edən avtomobil markalarını nümayiş etdirməkdir. Eyni zamanda, avtomobil həvəskarları ilə avtomobil istehsalçılarını görüşdürürük. Buna "avtomobil bayramı" da deyə bilərik. Bunu "Park Bulvar"da, şəhərin mərkəzində keçirməkdə məqsədimiz odur ki, ticarət mərkəzinə gələn digər insanlar da avtomobilləri görsünlər və onlar haqqında informasiya əldə etsinlər".
Həmsöhbətimiz qeyd edib ki, bundan sonra da belə sərgilər davam edəcək:
"Daha sonra isə Almaniya, İtaliya, ABŞ və Böyük Britaniya istehsalı olan avtomobillərin də sərgisini keçirəcəyik. Yəqin ki, həmin sərgiləri 2024-cü ildə təşkil edəcəyik. Həmçinin, bu il ilk dəfə elektromobillərin də sərgisini keçirmişik. Gələn il də bunu təkrarlamaq planımız var. Orada hamımızın səbirsizliklə gözlədiyi Türkiyənin "Togg" brendini də sərgiləmək istəyirik".
Eyyub Əliyev sərgilərə marağın kifayət qədər yüksək olduğunu söyləyib:
"Keçən həftə də, bu həftə də satışlar oldu. Hansı ki, əsas göstərici məhz satışlardır. Müxtəlif şirkətlər bir çox satış həyata keçirdilər. 2 və ya 6 ədəd avtomobil satan firmalar oldu. Ötən həftə ən bahalı avtomobilin qiyməti 70 min manata yaxın idi, bu gün isə "Nissan Patrol" ən dəyərli avtomobilimizdir. Onun qiyməti isə 103 min dollardır".
O, belə tədbirlərin davam edəcəyini də vurğulayıb:
"Qarşıda 8 tədbirimiz var. Noyabr ayında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının yaranmasının 25 illiyini keçirməyi planlayırıq. Orada avtomobil sektorunda fərqlənən insanlara "Qızıl çarx" mükafatı verəcəyik. Həmçinin, ekoloji avtomobillər üçün də ilin sonuna qədər konfransımız olacaq.
Bununla yanaşı, noyabr ayında xanım sahibkarlar üçün maraqlı avtomobil şousu keçirəcəyik. Ondan başqa, Zəfər Günü ilə bağlı da yürüş planlaşdırırıq".
Pərviz