Azərbaycan, Ermənistan, Gürcüstan arasında üçtərəfli platforma yaranır? - RƏY

SİYASƏT
15:27 / 10.10.2023
708

"Azərbaycan Cənubi Qafqazda üçtərəfli platforma yaratmağa çalışır".

Bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra məğlubiyyətə uğramış Ermənistanın da daxil olduğu "3+3" platformasında əməkdaşlıq təklif etməyimiz də məhz bununla bağlı idi:
"Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər görüşlər keçirdi və görüşlərin təşkil edilməsi istiqamətində addımlar atdı. Çox təəssüflər olsun ki, Ermənistanın pozuculuq siyasəti bu istiqamətdə də özünü biruzə göstərdi. Rəsmi Bakının müsbət təşəbbüsünə İrəvan özünün mənfi meyilləri ilə cavab verdi. Lakin Ermənistanın atdığı addımlara baxmayaraq, Azərbaycan öz mübarizəsini aparır".

Politoloq Azərbaycanın Gürcüstanla münasibətlərinin sıx inkişaf etdiyini də diqqətə çatdırıb:

"Xüsusilə Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə Gürcüstanla Azərbaycan arasında qarşılıqlı səfərlərin edildiyini vurğulamaq lazımdır. Prezident İlham Əliyevin 11-ci dəfə Gürcüstana səfər etməsi də olduqca mühümdür. Üstəlik, bütün bu səfərlər zamanı çox ciddi görüşlər keçirilib və əhəmiyyətli müzakirələr aparılıb. Həmçinin, görüşlər zamanı müəyyən sənədlərin imzalanması da tərəflər arasındakı münasibətlərin inkişafından xəbər verir. 

Düşünürəm ki, Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli format reallaşdırıla bilər. Prezident İlham Əliyevin əsas məqsədi Cənubi Qafqazda bu əməkdaşlığı formalaşdırmaqla dövlətləri tam olaraq təhlükəsizlik və sabitlikdə olması təmin etməkdir".

335546

Ekspertin sözlərinə görə, Avropa artıq müharibələrdən yorulub:

"Biz Avropa qitəsinə nəzər yetirsək görərik ki, yüzilliklər boyu müharibələrin mərkəzidir. İki dünya müharibəsinin keçirildiyi Avropa artıq müharibələrə son qoymaq niyyətinə gəlib. Hətta Avropada yüzilliklər boyu bir-birlərinə ərazi iddiaları olan ölkələrin belə bu iddialardan əl çəkərək, sülh şəraitində yaşadıqlarını görürük. Bu isə Avropanın hazırkı inkişaf səviyyəsinə gətirib çıxarıb. 

Hesab edirəm ki, Prezident İlham Əliyev də bu məqsədlə qeyd olunan addımları atır. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərinin üçtərəfli platformasını reallaşdırmağa çalışır. Bunun üçün ilk növbədə dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarına və düşmənçilik siyasətinə son qoyulmalıdır. Bütün bunlar geridə qalmalıdır".

Xəyal Bəşirov söyləyib ki, yalnız ondan sonra Cənubi Qafqazda sülh və sabitlik təmin edilə bilər:

"Əks təqdirdə, Ermənistanın pozuculuq və düşmənçilik siyasəti belə bir platformanın yaranmasına maneçilik törədəcək. Amma sözügedən üçtərəfli platformanın yaranmasına bütün Cənubi Qafqaz dövlətlərinin mənafeyinə xidmət edəcək. Əgər bu platforma ərsəyə gəlməsə isə bunda maraqlı olmayan tərəf uduzacaq. Təbii ki, bu düşmənçilik siyasətinin mənfi nəticələri doğacaq".

Pərviz

0