Essex Universiteti (Böyük Britaniya) və Avstraliyanın Adelaide Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, ev kirayələməklə bağlı yaranan stress qocalmanı sürətləndirir.
HİT.az xəbər verir ki, bu barədə "DailyMail" məlumat yayıb.
Bioloji qocalma orqanizmin toxuma və hüceyrələrinin funksiyalarının azalması ilə əlaqələndirilir. Stressli hadisələr, insanın faktiki yaşından asılı olmayaraq, bioloji qocalmanı sürətləndirə bilər.
Tədqiqatda 1420 nəfər iştirak edib. Elm adamları kirayəni müntəzəm olaraq ödəmək kimi stress amillərinin vaxtından əvvəl qocalma ilə əlaqəli olub-olmadığını anlamağa çalışıblar. İcarənin müddəti və dəyəri, binanın növü, dövlətin maliyyə dəstəyinin olması, mərkəzi istilik və ödəniş borcları nəzərə alınıb. Alimlər həmçinin subyektlərin sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb və onlardan qan nümunələri götürüblər.
Tədqiqatçılar DNT metilasyonunu izləmək üçün əldə edilən nümunələri təhlil ediblər. DNT metilasiyası bir DNT molekuluna metil qruplarının əlavə olunduğu bioloji prosesdir. Metilləşmə DNT seqmentinin fəaliyyətini dəyişə bilər. Bu prosesin pozulması vaxtından əvvəl qocalmağa və xərçəng, diabet, astma kimi xəstəliklərə gətirib çıxarır.
Məlum olub ki, vaxtından əvvəl qocalma ilə bağlı DNT metilasiyası pozğunluqları daha çox ekologiyası pis olan ərazidə mənzil kirayələyən və kirayə haqqını vaxtında ödəyə bilməyən insanlarda müşahidə olunur.
Tədqiqatçılar qeyd ediblər ki, bu stress faktoru siqaretdən daha çox erkən qocalmağa səbəb ola bilər.
Samir