"Moldova prezidenti Maya Sandu və hakim Fəaliyyət və Həmrəylik Partiyası respublikada hakimiyyəti qəsb edib".
HİT.az xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti İqor Dodon deyib.
O, ölkə rəhbərliyinin Ukrayna yolu ilə getməyə, NATO ilə əməkdaşlığı dərinləşdirməyə və anti-Rusiya siyasəti yürütməyə çalışdığını qeyd edib:
“Milli təhlükəsizliyə real təhlükə Moldovada hakimiyyəti qəsb etmiş Maya Sandu rejiminin özüdür. Bu hakimiyyəti devirmək üçün ideoloji və geosiyasi proqram məqsədlərindən asılı olmayaraq, bütün sağlam qüvvələr birləşməlidir. Maya Sandusuz Moldova!"
O əlavə edib ki, Sandu oktyabrın 11-də təqdim olunan Milli Təhlükəsizlik Strategiyası layihəsində müxtəlif təhdidlər səsləndirib. Dodon bu qorxularından Moldova xalqını qorxutmaq və gələcək seçkiləri ləğv etmək üçün istifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Maya Sandu Ali Təhlükəsizlik Şurasının iclasında Milli Təhlükəsizlik Strategiyasının layihəsi təqdim edib. Moldova prezidenti bildirib ki, Rusiya uzun illərdir ölkəsini şantaj edir və dövlət üçün təhlükə yaradır:
"Biz çox aydın görürük ki, bütün müstəqillik illərində Kreml bizi necə aşağılamağa və taleyimizə nəzarət etməyə çalışıb. Enerji şantajı, iqtisadi şantaj və embarqo, hərbi şantaj, bizim iradəmizə zidd olaraq ərazimizdə bəzi qoşunların saxlanması, dövləti ələ keçirmək istəyən bəzi cinayətkar qrupların maliyyələşdirilməsi, dezinformasiya və yalanlar, xalqımıza və burada yaşayan bütün insanlara ünvanlanan təhqiramiz ifadələr bura daxildir".
O əlavə edib ki, Moldova Ukrayna münaqişəsi səbəbindən sabitliyin pozulması riski ilə üzləşib və Ukrayna uduzacağı təqdirdə növbəti olmaq real riski altındadır:
"Biz milli müdafiəmizi yenidən qurmalı və hibrid hərəkətlərə qarşı durma qabiliyyətini inkişaf etdirməliyik. Bu səy bizim gücümüzdədir. Moldova kiçik ölkədir, lakin biz onun alçaldılmış ölkə olmasına icazə verməyəcəyik”, deyə Sandu qeyd edib.
Samir