İsrail HƏMAS-a qarşı müharibənin növbəti mərhələsinə hazırlaşır

DÜNYA
15:14 / 13.10.2023
494

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri ölkə ordusunun Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin növbəti mərhələlərinə hazırlaşdığını bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Yaxın Şərqdə və təhlükəsizliyə ehtiyac olan hər yerdə əməliyyatlar keçirməyə hazırdır.

Həcəri əlavə edib ki, Qəzza zolağının şimalından İsrail rəsmilərinin xəbərdarlığı ilə təxliyyə olunmayanların başına gələcək hadisələrə görə məsuliyyət HƏMAS-ın üzərinə düşür.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ı məhv etməkdir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında silahlıların yüzlərlə hədəfinə zərbələr endirib və Yəhudi Dövlətinin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq nəqlinin dayandırılması barədə qərar qəbul edib. Oktyabrın 13-də İsrail BMT-yə quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinlinin Qəzzanın cənubuna təxliyyə ediləcəyini elan edib. 

Samir

0