"Bolt" taksi şirkəti sürücü və müştərilər üçün qiymətləri yenidən artırıb. Belə ki, sürücülər üçün komissiya 19-21.83% müəyyənləşib. Müştərilərin üçün isə gediş haqqına 3% xidmət haqqı əlavə edilib.
Ümumiyyətlə, taksi şirkətləri qiymətləri artırır və bu da indiki halda hər bir şəxsin cibinə uyğun deyil.
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, daşıyıcı şirkətlərin qiymətləri qaldırması gözlənilən idi:
"Bununla bağlı anonslar da verilmişdi. Qiymətlər yəqin ki, digər ölkələrin qiymətləri ilə müqayisə olunub və bərabər həddə tariflər tətbiq edilib. Çünki əsas nüans kimi qeyd olunurdu ki, xarici ölkələrdə taksi qiymətləri kifayət qədər bahadır, Azərbaycanda isə ucuzdur. Ona görə də belə tənzimləmə etdilər. Hər bir şəxsin cibinə uyğun olub-olmadığını demək isə çətindir. Uyğunsa, taksi ilə gedəcək, deyilsə, ictimai nəqliyyata üstünlük verəcəklər. Bundan çıxış yolu ictimai nəqliyyatla bağlı problemlərin həlli istiqamətində çalışmaqdır. Marşurut xətlərinin bərpası kimi məsələləri yenidən gündəmə gətirmək, sərnişindaşımanı təkmilləşdirmək, intervalı azaltmaqla da bu kimi problemlərin həllinə nail olmaq olar".
Aynur Əli