Bakıda idmançının qətli ilə bağlı yeni detallar

HADİSƏ
18:27 / 13.10.2023
833

“Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qaynarinfo "Teleqraf.com"a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Nurani Qalabəylinin hüquqi varisi, atası və şahidlərin iştirakı etmədiyi elan edilib.
Ətraflı

Hakim deyib ki, cinayət işini araşdıran məhkəmənin tərkibində dəyişiklik olub. Bundan əvvəlki hakim heyətində olan Rahib Salmanovun vəfat etməsi ilə bağlı yeni məhkəmə tərkibi formalaşdırılıb.

Hazırkı prosesə hakim Siyavuş Hacıyevin sədrlik edəcəyi, tərkibdə isə hakimlər - Aytən Əliyeva və Vüqar Quliyevin təmsil olunacağı elan edilib.

Hakim Siyavuş Hacıyev deyib ki, bundan əvvəlki tərkibdə işi araşdıran hakim heyəti şahidləri dindirib. Yeni tərkibdə də şahidlərin dindirilməsi üçün müvafiq qərar qəbul olunacaq.

Daha sonra hakim Siyavuş Hacıyev deyib ki, bundan əvvəlki hakim tərkibi Əfsanə Qalabəylinin barəsində məhkəmə tibbi və pataloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.

Bu günlərdə təyin olunmuş ekspertizalar rəyi məhkəməyə daxil olub. Həmin rəylərdən birindən məlum olur ki, Əfsanə Qalabəyli cinayəti törədən zaman anlaqlı vəziyyət də olub.

Amma hadisəni törədən sonra pisixi sarsıntı keçirib. Ekspertiza rəyində qeyd olunub ki, Əfsanə Qalabəyli hadisəni törədəndən sonra psixoloji və fizioloji affekt vəziyyətinə düşüb. Hazırda Əfsanə Qalabəyli etdiyi hərəkətləri dərk edə bilmir, heç nə başa düşmür, özünü idarə etmək iqtidarında deyil.

Hakimin sözlərinə görə, rəydən məlum olur ki, Əfsanə Qalabəyli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür.

Hakim deyib ki, istintaq orqanından iş məhkəməyə daxil olan zaman şəxs anlaqsız vəziyyətdə olursa, o zaman ona qanuni nümayəndə təyin olunur, işlə birlikdə həmin qanuni nümayəndə də məhkəməyə daxil olur.

Dövlət ittihamçısı Çövdət Mehrəliyev isə bildirib ki, hazırkı mərhələdə təqsirləndirilən şəxsə qanuni nümayəndənin təyin olunması düzgün deyil. Onun sözlərinə görə, hazırkı mərhələdə həmin rəy sübut kimi qəbul edilə bilməz: "Çünki ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əməli anlaqsız vəziyyətdə olması ortaya çıxmış olsaydı, o zaman istintaq ona qanuni nümayəndə təyin edirdi. Hazırda proses yenidən başlayır. Həmin rəy də araşdırılmalıdır".

Əfsanə Qalabəylinin vəkili Zibeydə Sadıqova bildirib ki, müvəkkilinin özünü idarə edə bilməməsi qara hərflərlə rəydə yazılıb: "Həmin rəyə 4 həkim imza atıb. Belə olan halda Əfsanə Qalabəylinin hüquqlarının pozulmaması üçün qanuni nümayəndənin təyin olunması vacibdir. Bu, işin araşdırılması üçün əsasıdır. Çünki Əfsanə Qalabəyli özünü dərk edə bilmir. Mən prosesdən əvvəl onunla danışsam da, məni anlamadığını başa düşdüm. Hazırda iş üzrə qanuni nümayəndə təyin olunması üçün qərar qəbul edəlməldir. İşin sonrakı mərhələsində bu məsələyə baxıla bilər".

Hakim də vurğulayıb ki, məhkəməyə daxil olan ekspertiza rəyinə 4 həkim imza atıb, bu rəy işə əlavə olunub və araşdırılmalıdır.

Hakim onu da xatırladıb ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmaması üçün qanuni nümayəndəni məhkəmə təyin edir. Hakim Əfsanə Qalabəylinin anasının qanuni nümayəndə kimi tanınması barədə qərar qəbul edib və məhkəmə iclaslarında iştirak etməsinin təmini barədə qərar qəbul edib.

Daha sonra hakim qeyd edib ki, bundan əvvəlki hakim heyəti məhkəmə istintaqının başlayıb, ittiham elan edilib, təqsirləndirilən şəxs, şahidlər dinlənilib.

Lakin hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenidən başlanılır. Buna görə də ittiham aktını elan etmək üçün dövlət ittihamçısına söz verilir.

Prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.

Əfsanə Qalabəylidən ittihama münasibət bildirməsi, özünü təqsirli bilib-bilmədiyi soruşulub. Əfsanə Qalabəyli susaraq suallara cavab verməyib.

Növbəti proses oktyabrın 27-də davam edəcək.

İttihama görə, ötən il sentyabrın 2-də saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işinin materiallarına əsasən, 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib.

İstintaq sənədlərinə görə, Nurani Qalabəyli Əfsanə ilə birgə yaşadığı evə başqa-başqa qadınlar gətirib. Onlarla arvadının yanında intim əlaqədə olub. Hətta Əfsanəni onlara qulluq göstərməyə də məcbur edib.

Xatırladaq ki, cinayət işi üzrə ifadə verən həmin qadınlardan biri Fidan (ad şərti verilib – red.) bildirib ki, Nuraninin hədə-qorxusu ilə həmin evə gedib və onun arvadı evdə olduğu halda cinsi əlaqəyə girib. O, həmçinin deyib ki, Nurani arvadının belə hərəkətlərinə etiraz etmədiyini söyləyib. Fidan həmçinin özünün də ailəli olduğunu bildirib.

Əfsanə Qalabəyli məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri illərdir ona əziyyət verib, döyür, təhqir edir, özü və uşaqları evdə ola-ola münasibətdə olduğu qadınları gətirirdi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, onu və uşaqlarını bir otağa salıb bağlayıb, digər otaqda gətirdiyi qadınla intim əlaqədə olub.

Əfsanə Qalabəyli deyib ki, dəfələrlə ərinə xəbərdarlıq edib, uşaqların böyüdüyünü, onların qarşısında bu cür hərəkətlərin yolverilməz olduğunu nəzərinə çatdırıb. Bu isə dava-dalaşla nəticələnib.

İstintaq orqanı tərəfindən Əfsanə Qalabəylinin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilib.

Bu maddədə 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

0