Elxan Usubov hər il yol təmir etdirir - 2 milyon xərclənən yollara daha 674 min ayrıldı

İQTİSADİYYAT
23:33 / 16.10.2023
729

Şəki Şəhər İcra Hakimiyyəti yolların asfalt-betonla əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Pro Təmir Tikinti” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 674 450,82 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Pro Təmir Tikinti” MMC 20 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əliyev küçəsi, ev 30X, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlqar Şamil oğludur. 

"Pro Təmir Tikinti” MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. İlqar Əliyev də iş adamı olaraq tanınmır. Onun haqqında da hər hansı məlumata rast gəlinmir. 

Şirkət bu ilin avqustunda Yardımlı Rayon İcra Hakimiyyətinin abadlıq işlərinin satın alınması ilə bağlı tenderinin qalibi olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 59 619,85 AZN-dir. 

Bu ilin sentyabr ayında isə şirkət Yardımlı Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 754 488,57 AZN təşkil edib. 

Lakin qurumla şirkət arasında müqavilə imzalanmayıb. Hər halda dövlət satınalmalarının vahid elektron portalında bu barədə məlumata rast gəlinmir. 

Bəzi ehtimallara görə tender ləğv edilib. Bu ehtimal inandırıcı görünür. Məsələ burasındadır ki, mediada "Pro Təmir Tikinti” MMC-nin Yardımlı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Mahir Mirzəyevə bağlı olduğu barədə iddialar yer alıb. Mahir Mirzəyev müavin olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O 2023-cü ilin iyununda işdən çıxarılıb. Ehtimal olunur ki, bu səbəbdən tenderin nəticəsi ləğv edilib. 

Şəkidə yolların təmirinə gəlincə, bu artıq adən halını alıb. Şəki Şəhər İcra Hakimiyyəti hər il yollara asfalt-beton döşəyir. 2020-ci ildə bununla bağlı 750 440, 69 manatlıq tender keçirilib. Tenderin qalibi "Cahandar-H” MMC seçilib. 

2021-ci ildə yolların təmiri ilə bağlı yenidən tender keçirilib. Bu dəfə tenderin qalibi "MSDS Holding” MMC seçilib. Satınalma müqaviəsinin maliyyə dəyəri 708 293,35 AZN təşkil edib. 

2022-ci ildə yenə də yolların təmirinə ehtiyac yaranıb və Şəki Şəhər İcra Hakimiyyəti bununla bağlı tender elan edib. Tenderin qalibi "Harmony İndustrial Construction and Engineering Group” MMC seçilib. Təklifin qiyməti 534 177,74 AZN olub. 

Beləliklə, Şəki Şəhər İcra Hakimiyyəti 2020-2022-ci illərdə yolların təmirinə 1 992 911, 78 AZN xərclənib. 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur. O, 2011-ci ildən bu vəzifəni daşıyır. 

0